Harada ucuz qiymətə dincəlmək olar?

Hacıkənddə 3 aylıq ev kirayə haqqı 1000-2000 min manat civarındadır

Yay gələndə daha çox aztəminatlı əhalini bir qayda olaraq bu sual düşündürür. Amma heç də hamı bu suala nikbin cavab tapıb, heç olmasa bir neçə günlük istirahətə yollana bilmir.


Bakı Turizm Agentliyinin meneceri Elçin Novruzovun sözlərinə görə, Bakı ətrafı, Şamaxı, Quba, Qusar, Xaçmaz, Nabran, Lənkəran, Masallı, Şəki, Gəncə və Gədəbəydə turizm üçün istirahət mərkəzləri var. Arzu edənlər istirahət mərkəzlərinin yerləşdiyi məkanından və xidmətindən asılı olaraq, müxtəlif qiymətlərə dincələ bilərlər. Amma bu istirahət mərkəzlərinin əksəriyyətində mehmanxana, ekskursiya və yemək xərcləri ayrıdır, yəni, yalnız gecələmək xərci bölgədən asılı olaraq 40-110 manat arasıdır. Bəzi yerlərdə bura səhər yeməyi də daxil olur, qalan xidmətlər üçün isə ayrıca pul ödəmək lazımdır.


Bəzi turizm agentlikləri, o cümlədən Bakı Turizm Agentliyi də Bakıya yaxın yerlərə adambaşına günü 20 manatdan ekskursiya təşkil edir. Amma Bakıdan uzaqlaşdıqca, qiymət də artır.


Qiymətlər və xidmətlər müxtəlifdir: məsələn, Şamaxıda bir gün istirahət etmək arzusunda olan 28-31 nəfərlik kollektiv üçün nəqliyyat xərci 280-300 manatdır, yemək, əyləncə xərcləri də turistlərin öz öhdəsinə düşür.


Lənkəranda yerləşən «Şəfəq» Ekoturizm şirkətinin rəhbəri Vamiq Babayev deyir ki, onlar iki, üç, beş günlük istirahət turları təşkil edirlər. Məsələn, 3 gün Lənkəranın təbiətində istirahət etmək istəyənlər üçün biletin qiyməti 70-100 manatdır. Bu qiymətə gündə dörd dəfə yemək, gecələmək və müxtəlif yerləri gəzmək, tarixi abidələrə baxmaq, ovçuluqla məşğul olmaq mümkündür: «Astaranın Sım kəndi qədimdən qalmadı, orda əsasən kənd turizmi inkişaf edib: evlərdə qalırlar, amma evlər samandan tikilib. Hamamı olsa da, müasir deyil. Yəni bu istirahəti seçənlər bir neçə günlük həyat tərziylə özlərini qədim dövrdə hiss edirlər. Yeməkləri də təbiidir, milli talış yeməkləridir.


Bakıda məsələyə münasibətini bildirən şəhər sakinləri də qiymətlərin bahalığından gileylənirlər.


İstirahət mərkəzlərindəki qiymətlərlə razılaşmayan bir çoxları dağlıq bölgələrdə ev kirayələməyə üstünlük verirlər. Gəncənin Hacıkənd qəsəbəsində və Daşkəsənin Xoşbulaq yaylağında da bu il qiymətlər qalxıb: 3 aylıq ev kirayə haqqı 1000-2000 min manat civarındadır. Onu da deyək ki, dağlıq bölgə olduğundan bəzi ərzaq məhsulları arana nisbətən burda baha olur. Bu da istirahət xərcini daha da artırır.


Mütəxəssislərin qənaətincə, Azərbaycanda ölkədaxili turizmin xidmətləri bahadır, məsələn, Türkiyənin yüksək xidmətlərlə, əyləncəylə, çeşidli yeməklərlə zəngin istirahət mərkəzlərində bir nəfərin 10 gün dincəlməsi, təyyarə bileti də daxil olmaqla təxminən 700 dollara başa gəlir. İqtisadçı Əli Əlirzayevin fikrincə, Azərbaycanda daxili turizmdə xidmətin belə baha olması bu sahədə rəqabətin olmaması və inhisarla bağlıdır. İqtisadçı onu da deyir ki, Azərbaycan vətəndaşları və xarici turistlər üçün fərqli qiymətlər olmalı, yerli əhaliyə güzəştli qiymətlər tətbiq edilməlidir.


Mədəniyyət və Turizm Nazirliyindən isə bildirilər ki, turizm özəl sektor olduğundan onlar şirkətlərin qiymət siyasətinə qarışmırlar, amma kadr potensialının səviyyəsini artırmaq üçün treninqlər, seminarlar keçirirlər, onlara metodik məsləhətlər verirlər.