«Quş qripi» ilə bağlı növbəti monitorinq aparılır

İyunun 27-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Azərbaycanda «quş qripi»ylə bağlı növbəti monitorinə başlayıb. Monitorinq Abşeron yarımadasında, Dəvəçi rayonunda, Ağcabədinin Ağ göl ərazisində, «Şirvan» və «Qızıl ağac» qoruqlarında, o cümlədən, fərdi və özəl quş təssərrüfatlarında aparılacaq.


Dövlət Baytarlıq Xidmətinin Mətbuat Xidmətinin rəhbəri Yolçu Xanvəlinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, gələn həftə quşlardan götürülmüş qan nümunələri müayinə olunacaq və həftənin sonu nəticələr ictimaiyyətə açıqlanacaq.


«Quş qripi» virusu Azərbaycanda 2006-cı ildə həm insanda, həm də quşlarda aşkar olunub. Bu virusdan beş nəfər ölüb. Virusla bağlı vaxtaşırı ölkədə monitorinqlər aparılır.