«Polis cəzasızlığının arxasında mövcud iqtidar dayanıb»

Qəzetlər 3 iyul sayında prezidentin Polis Günündə səsləndirdiyi bəyanata geniş yer ayırıblar

«Polis zorakılığına yaşıl işıq»-Azərbaycanın müxalifət yönlü siyasətçilərinin 2 iyul Polis Günündə prezident İlham Əliyevin çıxışına münasibəti belə olub. Prezident 2005-ci il parlament seçkiləri ərəfəsində aksiyaları dağıdan polislərin cəzalandırılmasına imkan vermədiyini bildirib.


«Azadlıq» qəzetinə münasibət bildirən AXCP sədri Əli Kərimli hesab edir ki, ölkə başçısının bu bəyanatında təəccüblü heç nə yoxdur. Çünki, İlham Əliyev Azərbaycanda artıq bir neçə ildir ki, polis dövləti qurub: «Polis cəzasızlığının arxasında mövcud iqtidar dayanıb. Bu bəyanatı ilə İlham Əliyev cəzasızlıq şəraitinin arxasında birbaşa özünün durduğunu etiraf etdi».


ADP sədri Sərdar Cəlaloğlu Əliyevin bu bəyanatını polisi məsuliyyətdən kənarda saxlamaq kimi qiymətləndirir: «Buna görə də polisin içində Hacı Məmmədov yetişib».


Müsavat Partiyasının başqanı İsa Qəmbər «Turan»a bildirib ki, prezidentin bu bəyanatı reallıq hissini itirməsinin nəticəsidir.


Siyasətçilərin məsələyə münasibəti ilə «Azadlıq»ın 3 iyul tarixli sayında tanış olmaq olar.


«Axırıncı dəfə MTN-də olanda soruşdum ki, bu işlə neçə nəfər məşğul olur? Dedilər, 14 nəfər. Dedim ki, Daxili İşlər Nazirliyinin, Respublika Prokurorluğunun böyük bir qrupu bu işi aça bilmədi. Siz 14 nəfərlə bu vəziyyətdən necə çıxacaqsınız? Dedilər ki, yox, biz möhkəm işləyirik. Amma mən ümumi müşahidələrimdə gördüm ki, iş çox ölüvay gedir». «Monitor» jurnalının qətlə yetirilən baş redaktoru Elmar Hüseynovun atası Sabir Hüseynov «Yeni Müsavat» qəzetinə müsahibəsində belə deyib.


Sabir Hüseynov oğlunun ölümünün onun ailəsinə bərk qorxutduğunu deyir: «Mən özümdən qorxmuram, deyirəm ki, vursalar da, cəhənnəmə vursunlar. Amma o biri uşaqlarıma da bir şey olsa, mən ölərəm». Mərhum jurnalistin atasının müsahibəsi «Yeni Müsavat»ın 3 iyul sayının 6-cı səhifəsində yer alıb.


«Buş Putinlə Qəbələ RLS-i müzakirə edir»- «525-ci qəzet»in 3 iyul manşeti belə adlanır.


Qəzet yazır ki, «ABŞ prezidenti Corc Buşla Rusiya prezidenti Vladimir Putinin Men ştatında keçirilən qeyri-formal görüşündə əsas müzakirə mövzularından biri Qəbələ RLS-dən birgə istifadə məsələsi olub».


Danışıqların konkret gündəliyi olmasa da, hər iki ölkə rəsmiləri müzakirələrdə ABŞ-Rusiya münasibətlərinin əsas aktual məsələlərinin, o cümlədən strateji təhlükəsizlik, İran və Şimali Koreyanın nüvə planları, Kosovo problemi, Yaxın Şərq, İraq və Əfqanıstanda vəziyyət, beynəlxalq terrorizm və s. mövzularının nəzərdən keçiriləcəyini bildiriblər.