Türkiyənin seçki tarixində 1954-cü ildən bu yana, yəni son 52 ildə təkbaşına formalaşan iqtidar ikinci dəfə hakimiyyətdə qaldı. Gözlənilən qələbə idi. Türkiyə vətəndaşları Baş nazir, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Təyyub Ərdoğanın əlini gücləndirdilər. Türkiyə vətəndaşlarının iki nəfərindən biri faktiki AKP-yə səs verdi.
AKP-nin qələbəsini şərtləndirən amilləri aşağıdakı kimi sıralamaq olar:
- Koalisiya hökumətləri illər boyu Türkiyəyə uğur gətirmədiklərindən insanlar ötən seçkilərdə olduğu kimi, yenə təkpartiyalı hökumət ideyasına dəstək verdilər. 1999-cu ildə üç fərqli partiyadan formalaşan hökumətin ölkəni iqtisadi xaosa yuvarladığı hələ yaddaşlardan silinməyib. AKP-lə bağlı bütün suallara rəğmən, seçicilər islahatların davamına və sabitliyə səs verdilər;
- Son dörd ildə Türkiyə iqtisadiyyatı təxminən 7.4 faiz irəliləyib, milli gəlir artıb, inflyasiya tək rəqəmli səviyyəyə çatıb. 1980-2003-cü illər arasında, yəni 23 ildə Türkiyəyə 20 milyard dollarlıq xarici sərmayə daxil olmuşdusa, bu ölkəyə sadəcə, 2006-cı ildə bu qədər vəsait gəlib. Ərdoğanın hakimiyyəti dövründə Avropa Birliyi ilə danışıqlar daha intensiv şəkil alıb, Kıbrıs münaqişəsinin həllində bır sıra addımlar atılıb, «Annan planı»na «hə» deyilib və s. Seçiciləri Ərdoğanın növbəti vədi də cəlb edib: «Adambaşına düşən illik gəlir 6 mindən 10 min dollara çatdırılacaq»;
- AKP-nin mülayim islamçı partiyadan mərkəzçi sağ partiyaya çevrilməsi də qələbədə mühüm rol oynayıb. Ərdoğan 2002-ci il parlament seçkilərindən fərqli olaraq bu dəfəki partiya siyahısını xeyli dəyişmişdi, AKP klassik sağ və sol partiyaların tanınmış isimlərini millət vəkili siyahısına daxil etmişdi. AKP-nin siyahısındakı yeni millət vəkillərinin sayı 100-ə yaxındır;
- Müxalifət AKP-yə alternativ ideya və proqramlar ortaya qoya bilmədi. Bu boşluq da AKP-nin işinə yaradı. Ana müxalifət partiyasi olan Cumhuriyyət Xalq Partiyasının (CXP) lideri Dəniz Baykal yalnız Türkiyənin bir neçə böyük şəhərində uğurlu mitinq keçirdi. Baykal AKP liderinin fərqli bölgələrdə düzənlədiyi 60-a yaxın mitinqin yarısını belə təşkil edə bilmədi;
Türkiyənin kürd əsilli vətəndaşları və bölgələri AKP-yə səs verdilər.
Türkiyənin siyasi tarixində daha bir hadisə qeydə alındı. PKK-nın siyasi qanadı sayılan Demokratik Toplum Partiyasının (DTP) 24 təmsilçisi millət vəkili seçildi. DTP barajı aşa bilməyəcəyini anladığından seçkilərə müstəqil namizədlərlə qatılmışdı.
Bu millət vəkilləri gələcəkdə Türkiyə üçün başağrısı yarada bilər. 1990-cı illərin əvvəllərində Leyla Zana adlı birisi Böyük Millət Məclisində ilk çıxışını kürdcə söylədiyinə görə, qarşıdurma yaratmışdı. Leyla Zana və ona dəstək verən üç millət vəkili məhkəməyə, oradan da həbsxanaya yollanmışdılar. İndi sayları daha çoxdur. DTP üzvləri PKK lideri Abdulla Öcalana azadlıq tələb edir, çıxışlarında «Kürdistan» ifadəsi işlədirlər.
DTP-lilər bu çıxışlarını Böyük Millət Məclisində də davam etdirərlərsə, aləmi bir-birinə vuracaqlar. Parlamentdə yer alan Milliyyətçi Hərəkat Partiyasının millət vəkillərinin bu növ çıxışları sakit dinləməyəcəkləri aydındır. Parlamentdəki bu qarşıdurma isə Türkiyənin çeşidli bölgələrinə yayıla bilər.
Ancaq DTP üzvlərinin parlamentdə yer almasının müsbət tərəfini vurğulayanlar da var. Belələrinin fikrincə, radikal kürdlərin fikirləri millət vəkillərinin dilləriylə qanunverici orqanda səslənəcəksə, dağlardakı terrorçulara «ehtiyac» qalmayacaq və PKK-çıların silahlarını tədricən yerə qoyması aktuallaşa bilər.
Ərdoğan qələbə eyforiyasından sonra kürd radikalizminə necə son qoyulması yolları üzərində ciddi düşünməlidir. AKP lideri ayrıca, Avropa Birliyi ilə məsafəni qısaltmaqla da məşğul olmalıdır. Böyük səs çoxluğu qazanan Ərdoğanın ilk aylarda sağa, sola və ya orduya boylanmadan birliyin konkret maddələr üzrə tələb etdiyi siyasi və iqtisadi islahatları dərinləşdirəcəyi mümkün ssenarilərdən biridir.
AKP-nin əzici qələbəsi Ərdoğanın sağ əli olan Abdulla Gülün cumhurbaşqanı seçilməsi prosedurunu da sadələşdirir. CHP bu dəfə də seçkiyə qatılmasa belə, AKP gərəkli 367 millət vəkili yetərsayına nail olacaq. Səsverməyə AKP-nin 340 millət vəkilinə müstəqil millət vəkilləri də əlavə olunarsa, istənilən rəqəm əldə ediləcək. MHP-dən olan millət vəkillərinin də səsverməyə qatılması istisna deyil. Bu hesabla prezidenti xalqın seçməsinə və referenduma ehtiyac qalmayacaq.
Türkiyədəki seçkilərin Azərbaycanın siyasi və analitik dairələri üçün bir sıra dərsləri haqqında düşünməyə dəyər. Ən böyük dərs müxalifətin bir araya gələ bilməməsinin və ilkin sorğulara başdansovdu münasibətin hansı nəticəyə gətirməsidir. 2008-ci il prezident seçkilərinə hazırlaşan Azərbaycanın müxalifət liderləri nə vahid komanda haqqında düşünür, nə də Qərb ölkələrinə bağlı mərkəzlərin sorğularını ciddi analiz edirlər. Türkiyənin sağ partiyaları bu yolla getdilər və yenidən parlamentdən kənarda qaldılar...