Dəmiryol İdarəsi 200-dək obyekti sökdürüb

Bölgələrdə də qanunsuz obyektlər söküləcək

İyulun 25-də Dəmiryol İdarəsi Biləcəridəki dəmiryol xəttinin mühafizə zolağında yerləşən qanunsuz tikililərin sökülməsinə başlayacaq. Bu haqda «Azadlıq» radiosuna məlumat verən Dəmiryol İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Nadir Əzməmmədov deyir ki, onlar hələlik qanunsuz inşa edilmiş evlərə dəyməcəyəklər: «Dəmiryol xəttindən iyirmi metrlik məsafədə yerləşən qanunsuz hasarlar, bağlar söküləcək. Evlərəsə dəyməyəcəyik. Biz ev sahiblərinə xəbərdarlıq etmişik ki, özləri evləri söksünlər, bununla bağlı onlara möhlət də vermişik».


Dəmiryol İdarəsi artıq üçüncü həftədir ki, Bakıda dəmiryol xətlərinin yaxınlığında yerləşən qanunsuz tikililərin sökülməsini davam etdirir. İdarədən verilən məlumata görə, indiyədək 200-dək obyekt sökülüb.


Nadir Əzməmmədovun sözlərinə görə, idarə təkcə Bakıda deyil, bölgələrdə də dəmiryol xətlərinin yaxınlığında tikilmiş qanunsuz obyektlərin sökülməsinə başlayacaq.