AZAL xarici uçuşlara biletlərin qiymətini qaldırıb

Qiymət artımı daxili reyslərə-yəni Naxçıvan və Gəncə uçuşlarına şamil edilməyib

Azərbaycan Hava Yolları Dövlət Konserni-AZAL xarici ölkələrə reyslərdə təyyarə biletlərinin qiymətini qaldırıb. AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bunu mövsümlə bağlı olduğunu deyir. Onun sözlərinə görə, yay fəsli olduğu və bütün dünyada gediş-gəliş artdığı üçün onlar da bir çox hava yolları şirkətləri kimi qiymətləri artırmalı olublar.


«Bu bütün dünyada gedən prosesin tərkib hissəsidir»-deyən Məhərrəm Səfərli bildirir ki, qiymət artımı daxili reyslərə-yəni Naxçıvan və Gəncə uçuşlarına şamil edilməyib. AZAL-dan verilən məlumata görə, indiki qiymətlər əvvəlki qiymətlərdən təqribən 10-20 dollar fərqlənir.