Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Bakıda beynəlxalq konfrans keçirəcək

Gələn il Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) Bakıda «Yayım şirkətlərində müəllif hüquqlarının qorunması» mövzusunda beynəlxalq konfrans keçirəcək. Bunu «Azadlıq» radiosuna Azərbaycan Müəllif Hüquqları Ağentliyinin sədr müavini Oqtay Səmədov deyib. O, ÜƏMT-in iyulun 3-12-də Cenevrədə keçirilən simpoziumunda bu təkliflə çıxış etdiyini və avqustun 1-də qurumdan razılıq məktubu aldıqlarını deyir.


Cənab Səmədovun sözlərinə görə, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq ərəfəsindədir və bu qurumun tələblərindən biri də əqli mülkiyyətin və yayım şirkətlərində müəllif hüqüqlarının qorunmasıdır: «Artıq bunun üçün ölkədə qanunvericilik bazası da yaradılır».


Agentliyin Azərbaycan bəstəkarlarının əsərlərinin erməni müsiqiçiləri tərəfindən mənimsənilməsilə bağlı ÜƏMT-ə etdiyi müraciətlərlə gəlincə, Oqtay Səmədov bildirib ki, bununla bağlı artıq xüsusi arbitraj qrupu yaradılıb. Ötən həftə Fikrət Əmirovun Hüseyn Cavidin sözlərinə yazdığı «Kor ərəbin mahnısı» və Brilyant Dadaşovanın ifa etdiyi «Vokaliz» əsərlərinin həm orijinalları, həm də ermənilərin ifa etdiyi variantları Cenevrəyə göndərilib.


ÜƏMT-lə Azərbaycan arasında işbirliyi sazişi 2006-cı il martın 3-də imzalanıb.