Jurnalist ruhi xəstələr üçün dustaqxanaya salınıb

Cəmşid Kərimov (solda) dostlarının arasında

Əsası Londonda qoyulmuş Müharibə və Sülh Jurnalistikası İnstitutunda işləyən 40 yaşlı Cəmşid Kərimov artıq bir ilə yaxındır ki, Özbəkistanın mərkəzi şəhəri Səmərqənddə ruhi xəstələr üçün dustaqxanada saxlanır. O, həm də prezident İslam Kərimovun böyük qardaşı Arslanın oğludur. Arslan Kərimov hələ 18 il bundan əvvəl avtomobil qəzasında həlak olub. Cəmşid Kərimov əmisini və onun hakimiyyətini açıq-aydın tənqid edənlərdən olub.


Keçən ilin sentyabrında jurnalist əvvəlcə itkin düşdü. O zaman o, artıq bir neçə ay idi ki, Səmərqənddən 100 kilometr aralıda olan doğma şəhəri Jizzahda hökumətin nəzarəti altında idi. Hələ həmin vaxt onun ailəsi «Azadlıq» radiosuna demişdi ki, hökumət jurnalistin beynəlxalq telefon danışıqlarını kəsir, 2006-cı ilin avqustundan isə pasportunu əlindən alıblar.


Cəmşid Kərimov 2006-cı il sentyabrın 12-də xəstəxanada yatan anasına baş çəkmək üçün evi tərk edib və yalnız iki həftə sonra onun ruhi xəstələr üçün müalicə mərkəzində olduğu üzə çıxıb.


2007-ci ilin aprelində isə onun ailəsi öyrənir ki, Kərimov qarşıdakı altı ay ərzində də xəstəxanada saxlanacaq.


İyulun 30-da isə müstəqil uznews.net saytı jurnalistin dostlarının dediklərinə istinadən yazıb ki, Kərimovun səhhəti pisləşib. Dostlarının dediyinə görə, Kərimova işgəncə verirlər və o, intihar barədə düşünür. Dostları jurnalistin görmə qabiliyyətinin də pisləşdiyini deyiblər.


Kərimovun 71 yaşlı anası Marqarita isə «Azadlıq» radiosuna danışmaqdan imtina edib. O, deyib ki, hökumətin təzyiqindən qorxur deyə, mediaya heç bir məlumat vermir. O, həm də telefon danışıqlarına qulaq asıldığını bildirib.


Cəmşid Kərimovun dostu və keçmiş iş yoldaşı Uluqbəy Heydərov onun səhhətindən narahat olduğunu deyir: «Kərimovun vəziyyəti çox pisləşib. Bilmirəm ki, bunun səbəbi ona verilən dərmanlardır, ya ki başqa bir şey. O, yaxşı görə bilmir. Qəzet oxuyanda ona eynək taxmağa icazə vermirlər. Eynəyini əlindən alıblar və günün müəyyən saatlarında verirlər. Mən Cəmşidi çox yaxşı tanıyıram. Onda eynək taxmaq vərdişi var idi, amma heç vaxt gözlərindən şikayət etmirdi. Amma indi yaxşı görmür. Onun şəraiti çox pisdir. Mən bu barədə eşidəndə çox məyus oldum».


Cəmşid Kərimovun taleyi beynəlxalq təşkilatlar və xarici vətəndaşların da diqqətini cəld edib. Söz azadlığını müdafiə edən Beynəlxalq PEN təşkilatı Özbəkistan hökumətinə müraciət edib ki, jurnalisti azadlığa buraxsın. Təşkilat Cəmşid Kərimovun səbəbsiz saxlandığını deyir.


Sara Vyat Həbsxana Komitəsində Beynəlxalq PEN Yazıçılar proqramının direktorudur: «Biz ona görə narahatıq ki, həmişə insan haqları sahəsindəki problemlərdən yazan və danışan Kərimovu ruhi xəstə kimi dustaqxanada saxlamaq yalnız cəza vasitəsidir. Və biz ona görə narahatıq ki, bu vəziyyət onu susmağa məcbur edir».


Vyatın dediyinə görə, təşkilat ötən ay Seneqalda keçirdiyi 73-cü konqresində Cəmşid Kərimovun ağır vəziyyətini, o cümlədən Özbəkistanda azad sözə qarşı ciddi təpkiləri də müzakirə edib.


Riçard Makkeyn ingilis şairi, həm də Həbsxana Komitəsində beynəlxalq PEN təşkilatının üzvüdür. O, Kərimovla bağlı narahat olduğunu deyir və ümid edir ki, Özbəkistandakı insan haqları ilə bağlı dəhşətli vəziyyəti Qərb hakim dairələrinin nəzərinə çatdıra biləcək:


«Özbəkistan, Qazaxıstan, Qırğızstan və Azərbaycanda baş verənlər faktiki olaraq bizə bildiyimizdən də yaxındır. Mən Özbəkistanda insan haqlarının pozulduğu faktını beynəlxalq ictimaiyyətə çatdırmağa çalışıram. Bu, çox vacibdir. Qərb bunu dərk etməlidir. Qərb dərk etməlidir ki, bu ölkələr təkcə neft və qaz deyil. Onlar qəlbləri olan insanlardır».


Əsası Nyu-Yorkda qoyulmuş Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Kərimov da daxil olmaqla Özbəkistanda beş jurnalist həbs edilib.


Daimi təzyiqlərə görə Özbəkistanı tərk etmək məcburiyyətində qalan başqa bir jurnalist – Yusif Rəsul Cəmşid Kərimovu şəxsən tanıyırdı. Rəsul deyir ki, Kərimovun prezidentin qardaşı oğlu olması vəziyyəti daha da çətinləşdirir: «Cəmşid Kərimovun taleyini yalnız bir adam həll edir, o da prezident İslam Kərimovdur».