Azərbaycandan olan daha bir brakonyer gəmi saxlanıb

Qazaxıstan sularında saxlanılan Azərbaycan brakonyerlərinin sayı 60 nəfərə çatıb

Avqustun 13-də Qazaxıstanın Sərhəd Xidməti bu ölkənin sərhəd sularında səkkiz nəfər Azərbaycan vətəndaşı ilə birlikdə «TBF-58» balıqçı gəmisini saxlayıb.


Məlumatı «Turan» yayıb. Qazaxıstan sərhəd idarəsi mətbuat xidmətinin bildirdiyinə görə, saxlanma zamanı gəminin kapitanı müqavimət göstərib və gəmini batırmaqla hədələyib. Gəmidə aparılan yoxlama zamanı 3 ton nərə balığı növü aşkarlanıb.


Gəmi və ekipaj saxlanılaraq Bautino limanına gətirilib, istintaq gedir.


Keçən ay qazax sərhədçiləri tərəfindən Azərbaycandan olan 3 brakonyer gəmisi saxlanılıb, onların ekipaj üzvlərinin ümumi sayı 25 nəfərdən ibarət olub. Gəmilərdən bir tondan çox nərə balığı növü müsadirə edilib.


Ümumilikdə ilin əvvəlindən Qazaxıstan sərhəd sularında saxlanılan Azərbaycan brakonyerlərinin sayı 60 nəfərə çatıb.