«Kimin üzündə tük varsa, o, meymuna oxşayır…»

«Deyirlər ki, şalvarının balağı qısa olan kişi də homoseksuala oxşayır»

Zaqatala rayon sakini Mübariz Zitayev rayonda olan bir sıra dindar adından «Azadlıq» radiosuna müraciət edərək bildirir ki, rayonda olan dindar adamlar polisin zorakılığı ilə qarşılaşırlar. Belə ki, rayon polisi saqqalı adamları Polis Şöbəsinə apararaq orda onları təhqir edir və hətta saqqallarını yandırırlar:

«Bu il iyulun 7-i polis şöbəsinin rəisi Faiq Şabanov başda olmaqla, onun müavini Kamandar Həsənov, 3 saylı bazar ərazisinin sahə inspektoru Nəsib məscidə gedən, məsciddə olan dindarları tutub onları döyə-döyə Polis İdarəsinə aparıblar. Onları döyüblər və tüklərini alışqanla yandırıblar. Üzlərində daha uzun saqqal olanların isə tükünü yolmağa başlayıblar. Onların üzünü qaş yolan kimi didiblər. Sonra onları həyətə çıxarıb arxası qibləyə zorla namaz qılmağa məcbur ediblər. Onları söyüblər».

M.Zitayev bildirir ki, məsələ ilə bağlı ölkə prezidentinə, «Heydər Əliyev» Fondunun rəhbəri Mehriban Əliyevaya, MTN-ə, hüquq müdafiəsi təşkilatlarına, Zaqatala Rayon Prokurorluğuna müraciət ediblər:


«Ayın 11-i mənim özümü aparıb sorğu-suala tutdular. Kamandar Həsənov dedi ki, gündə iki dəfə namaz qılsan bəsdir, sonra bildirdi ki, get camaata da başa sal ki, belə namaz qılsınlar. Bizə deyirlər ki, kimin üzündə tük varsa, o, meymuna oxşayır. Mən də dedim ki, bizim Nizami, Nəsimi kimi şairlərimiz də saqqal saxlayıblar. Deyirlər ki, şalvarının balağı qısa olan kişi də homoseksuala oxşayır».


Mübariz Zitayev saqqal saxlayan və şalvarının balağı qısa olan adamların vahhabi adlandırılması ilə razılaşmır. Deyir ki, biz sadəcə dindarıq. Vahhabi adlı bir qrupla heç bir əlaqələri yoxdur. Onu da əlavə edir ki, onlara Daxili İşlər Nazirliyindən məktub gəlib ki, bu işə baxırlar. Amma bir nəticə yoxdur.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyilənləri əsassız sayır:


«Zaqataladan bir-iki nəfər qəzetlərə məlumat vermişdilər ki, guya bunların orda saqqallarını qırxırlar. Yalandır, elə bir fakt yoxdur. Sadəcə, bunlar istəyirlər orda qanunsuz dini təbliğatla məşğul olsunlar, polis də buna imkan vermir. Onlar da polisin hərəkətini özlərinə qarşı zorakılıq kimi başa düşürlər. Polis onları qanunlara əməl etməyə çağırır. Onların saqqalı ilə polisin nə işi var».