«Xural» qəzeti məhkəmə iddiasını əsassız hesab edir

«Çox arqumentsiz bir iddia ərizəsi ilə bizdən bir milyon manat istəyirlər»

«Amay» şirkətlər qrupu «Xural» qəzetini məhkəməyə verib. Qəzetin baş redaktoru Əvəz Zeynallı deyir ki, onları bir il bundan əvvəl yazılmış bir yazının dərcinə görə məhkəmə veriblər.


«Çox da arqumentsiz bir iddia ərizəsi ilə bizdən bir milyon manat istəyirlər. 2006-cı ilin 17-23 sentyabr sayında bizdə «Amay»ın Abdullası həbs olundu» adlı bir yazı getmişdi. Yazıda söhbət «Amay» şirkətlər qrupunun rəhbəri Abdulla Abdullayevin həbsindən gedirdi. Bundan sonra şirkət bizimlə əlaqə saxlamışdı və biz sonrakı sayımızda informasiyanı dəqiqləşdirib Abdulla Abdullayevin həbs olunmadığını yazmışdıq. Amma nədənsə bunlar qərara gəliblər ki, bizi məhkəməyə verib bizdən bir milyon manat alsınlar».


İddia ərizəsi mayın 21-i imzalanıb. Nərimanov Rayon Məhkəməsi ərizəni avqustun 10-u icraata götürüb. Əvəz Zeynallı deyir ki, onlar iddianı əsassız sayırlar və məhkəmənin iclasını gözləyirlər: «Çünki yazı bir il əvvəl yazılıb və biz şirkətin cavabını da qəzetdə vermişik. Avqustun 31-i məhkəmədir. Hesab edirəm ki, ilk iclasda da məhkəmə iddianı əsassız hesab edəcək».