«Kiçik xalqın böyük oğlu»

Qori şəhərində Stalini etdiklərinə görə demək olar ki, mühakimə etmirlər

Qori şəhəri. Gürcüstanın bu kiçik sənaye şəhərində gələcəkdə Sovetlər İttifaqının lideri olacaq İosif Stalin dünyaya göz açıb. Artıq Kommunist Partiyası rəsmilərinin, məktəbli və turistlərin Qoriyə -Sovet liderinin doğulduğu şəhərə və evə kütləvi səfərləri keçmişdə qalıb.

Stalin bu kiçik evdə doğulub və burda 4 yaşına kimi yaşayıb. Ailəsinin pula ehtiyacı olduğuna görə, onlar daha ucuz ev kirayələməyə məcbur olub. Amma Stalinin yaşadığı digər evlər qalmayıb. Ümumiyyətlə, cuqaşvililərin heç bir zaman özlərinin şəxsi evləri olmayıb. Onlar buranı da kirayəyə götürüblərmiş. Bu evin zirzəmisi var, Stalinin atası da orada çəkməçilik edərmiş....


Mzia Nauçaşvili artıq 31 ildir ki, Stalinin ev muzeyində turistlər üçün bələdçilik edir. İndi bu muzeyin köhnə, sanki seyrçi üçün qəribsəmiş bir görkəmi var. Artıq muzeyə gələnlərin də sayı əvvəlki kimi deyil.


Amma muzey meneceri deyir ki, bu gün gələnlərin sayı az olsa da, ümumilikdə ziyarətçilərin sayı son illər artmaqdadır. Menecerin sözlərinə görə, muzeyə ötən il 15 min adam gəlib ki, bu da 2 il öncəki rəqəmdən 2 dəfə artıqdır.


Keçmiş Sovet vətəndaşları Stalinin qərarı ilə on milyonlarla adamın öldürüldüyü, həbs edildiyi, deportasiya olunduğunu bilsə də, muzeydə demək olar ki, bundan heç bir əsər-əlamət yoxdur.


Bələdçi Mzia Nauçaşvili Satalini dahi adlandırır və dahilərə də xas olaraq, onların səhv edə biləcəyini düşünür: «Biz turistlərlə söhbətlərimizdə bu mövzuya toxunmuruq, əlbəttə ki, bir neçə məqamdan başqa. Mən burada uzun illərdir ki, işləyirəm və mənim ailəm də Stalinin təmizləmə siyasətindən yan keçməyib. Nənəmin qardaşı və yoldaşım hər ikisi o zamanlar izlənibdir. Amma indiyə kimi o, Stalinə hörmət edir. Mən ondan soruşanda ki, niyə? O, deyir ki, «mənim balam, bu cür hadisələr ola bilər. Bu o zamanlar qaçılmaz idi».


Qoridə Stalini etdiklərinə görə demək olar ki, mühakimə etmirlər. Bunlardan biri də elə Stalinin gənc yaşlarında oxuduğu Pravoslav Xristianlarının gimnaziyasıdır. Yenicə rənglənmiş məktəbin divarlarında, seminarın sabiq ruhaniləri və ictimaiyyət xadimlərinin portretləri arasında Stalinin də şəklinə rast gəlmək olar.


Məktəbin inzibatçısı Qela Mçedlişvili milyonlarla adamın ölümündə məsuliyyət daşıyan Stalinin dindarlarla bir cərgədə dayanmasından narahat deyil. Baxmayaraq ki, məhz Stalinin əli ilə bir çox ruhani liderlər repressiya qurbanı olub.


«Allahın istəyi ilə bu məktəb də bizə bağışlamağı öyrədir. Ola bilsin ki, bu adam bəzi pis əməllər edib, amma elələri də var deyir ki, onun on minlərə yaxşı əməli olub. Həmin faciəyə səbəb zamandır, ona görə günahı insanların boynuna qoya bilmərik. Ola bilsin ki, həmin dövrdə insanlar sıxışdırılıb, kilsələr dağıdılıb, ruhanilər izlənib, edam olunub. Amma biz bu adamın elədiyi yaxşı işləri də inkar edə bilmərik...»


Amma Qori şəhərinin bütün sakinləri heç də belə düşünmür. David deyir ki, Stalin onun üçün xəyanətkardan başqa heç kim olmayıb. Qorinin mərkəzi meydanında, Sovet liderinin abidəsi ilə üz-üzə yerləşən kafedə dayanan David Stalinin əzabdan və ölkəni dağıtmaqdan başqa heç nə gətirmədiyini deyir. «Mən həmişə Stalini Gürcülərin düşməni kimi xatırlayıram. Əgər tarixə baxılarsa, bunu yaxşı görmək olar».


Qorinin bəzi sakinləri isə Stalinlə, hətta həmşəhərli olmasından belə fəxr duyurlar. Rəfiqəsi ilə Stalin muzeyinin yaxınlığındakı bağda əyləşən 30 yaşlı Temuri də, bunları deyir: «Mən fəxr edirəm ki, məhz Stalinin doğulduğu şəhərdənəm. Bilirsən niyə? Ona görə ki, onun kimi insanlar nadir olur, onlar min ildən bir dünyaya gəlir».


Yay axşamının ətirli havasından həzz alan yaşlı təqaüdçü də, Stalinin şəxsiyyətinə pərəstiş etdiyini dilə gətirir. Deyir ki, Qori sakinləri Stalini kiçik xalqın böyük oğlu adlandırırlar.


«Stalin dahi idi. Bu cür kiçik respublikadan olan bu adam Sovet İttifaqı kimi bir imperiya yaratmışdı».


Bəzi ekspertlərsə hesab edir ki, bir çox gürcülər sovet dövrünün xoşagəlməz anlarını xatırlamaq, o cümlədən gürcülərin də bunda iştirakını qəbul etmək istəmirlər. Gürcüstanda çoxları düşünmək istəyir ki, dahi Sovet lideri gürcü olsa da, onun hərəkətləri Gürcüstana deyil, bütün keçmiş sovet respublikalarına qarşı yönəlmişdi.