Prezident İlham Əliyevin avqustun 20-də imzaladığı sərəncamla Məhərrəm Abış oğlu Əliyev Azərbaycanın Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Ölkə başçısının digər sərəncamı ilə ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Məhərrəm Abış oğlu Əliyev uzun müddət Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində işləyib. Bu ilin iyul ayında o, sözügedən vəzifədən azad edilib.
Prezidentin digər sərəncamı ilə Rafael Tofiq oğlu İbrahimov Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında və eyni zamanda, İrlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Digər sərəncamla Azərbaycanın Kanadadakı fövqəladə və səlahiyyətli səfiri və Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılan Fəxrəddin İsa oğlu Qurbanov bu vəzifəyə təyin edilib.