«Vəzifədən gedənləri iki yol gözləyir: səfirlik və həbsxana»

«Məhərrəm Əliyevin Tacikistana səfir göndərilməsinə diplomatiya demək olmaz»

Bakı polisinin keçmiş rəhbəri Məhərrəm Əliyevin Tacikistana səfir göndərilməsinə münasibət bildirən jurnalist Əyyub Kərim belə deyib. «Azadlıq» qəzetinə müsahibə verən Əyyub Kərim deyib ki, vəzifədən çıxarılanların səfir göndərilməsini təqdir etmir. «Azərbaycandakı bu cür ənənəni pis qiymətləndirmirəm. Hüquq-mühafizə sistemində bundan əvvəl baş prokuror Eldar Həsənov, sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov də səfir göndərilmişdi. Hesab edirəm ki, səfirlər ancaq siyasi müstəvidə fəaliyyət göstərən insanlar olmalıdır. Bu mənada təkcə Məhərrəm Əliyevin Tacikistana səfir göndərilməsinə yox, bu acınacaqlı təcrübəyə pis baxıram. Əgər belədirsə, onda Xarici İşlər Nazirliyi nəyə görədir?»


«Ekspress» qəzetinin şərhçisi Həsən Ağacan «Qazprom»un investisiyaları artırmaq qərarına gəlməsi səbəblərini araşdırıb. «Enerji hücumu» adlanan məqaləsində müəllif yazır: «Qazaxıstan, Türkmənistan, Azərbaycan və Türkiyənin çətin dönəmlər gözləyir. Ən ciddi sınaqlarla isə Orta Asiyanın «mavi yanacağ»ını öz ərazisindən tranzit yolla Türkiyəyə keçirərək, orada Azərbaycandan ixrac edilən təbii qazla bahəm Avropa Birliyinə nəql etməyə hazırlaşan Azərbaycan qarşılaşacaq».


Müəllif belə qənaətə gəlir ki, növbəti çətinliklər Belarus, Moldova və Gürcüstanı gözləyir. «Gürcüstan və Moldova rəhbərliyi Rusiya ilə danışıqlara hələ başlamayıb, Belarus isə «Qazprom»un «qaz dəyənəyi»nin ağrısını tam mənada hiss etməkdədir».


Avqustun 22-də Milli azadlıq hərəkatının liderlərindən biri, eks-prezident Əbülfəz Elçibəyin vəfatının 7-ci ildönümüdür. «Yeni Müsavat» qəzetinin köşə yazarı Nazim Sabiroğlu «Elçibəyə bir köynək yaxın və uzaq…» adlı məqaləsində yazır: «Elçibəy hakimiyyətdə olanda Heydər bəy ona müxalif, Heydər Əliyev mərkəzi hakimiyyətə yiyələnəndən sonra Elçibəy ona müxalifətdə durub. Yox, bu tarixçilər üçün yalnız bir detal, maraqlı faktdır. Elçibəy yoluyla getsən, qarşına xeyli suallar çıxacaq, onlardan qaça bilməyəcəksən. Heydər Əliyevin siyasi fəaliyyətinin təhlilinə girişsən, orada Elçibəyi taparsan. Onları birləşdirən və ayıran xətləri, yolları tapmaq, hamını maraqlandıran suallara işıq tutmaq gələcək tarixçilərin işidir».