15-ci cəsəd çıxarıldı

Axtarışlar davam edir

2 sentyabr, saat 14:30 radələrində uçmuş binanın qalıqları altından daha bir meyit çıxarılıb. «Azadlıq» radiosunun hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, bu, 1948-ci il təvəllüdlü Aslanov Cəmildir.


Bununla da bina uçqununda ölənlərin sayı 15-ə çatdı.


Axtarışlar davam edir.


***


Hadisə yerində xilasetmə işləri davam edir.

Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin rəhbəri Tural Müseyibov deyir ki, itkin düşmüş qohumları üçün müraciət edənlərin sayı 15-dir:


«15 nəfərdən ikisi ehtimaldır. Güman edilir ki, bu iki nəfər ümumiyyətlə, uçqunlar altında deyillər. Çünki, onların qohumları da heç bilmirlər, onlar buradadır, ya yox. Qalır 13 nəfər, onlardan da birinin cəsədi artıq tanınıb. Hal-hazırda 12 nəfərin rəsmi ərizəsi qəbul olunub, axtarışlar davam etdirilir».


***


1 sentyabr. Saat 12:30 radələrində 14-cü cəsəd çıxarılıb. Bu, Salyan rayonu Kərimbəyli kənd sakini, 1985-ci il təvəllüdlü Xalid Hüseynovdur.

***

Gecə saat 22.40 radələrində daha bir nəfərin cəsədi çıxarılıb. Bu, Sabirabad rayon Minbeşi kənd sakini, 1969-cu il təvəllüdlü Fətullayev Seyidağadır.

***

Ağır texnika vasitəsilə beton dağıntıların təmizlənməsinə başlanıb.


***

«Bakıda bir neçə yüz bina ekspertizadan keçməyib. 70-ə qədər bina isə dövlət istifadəsinə qəbul edilmədən təhvil verilib».


Avqustun 31-də Baş nazirin müavini, Yasamal rayonunda uçmuş bina ilə bağlı yaradılmış Dövlət Komissiyasının sədri Abid Şərifov jurnalistlərə belə deyib. Onun sözlərinə görə, Bakıdakı tikintilərin 90 faizində işçilər müqaviləsiz çalışır.


Cənab Şərifov deyir ki, tikintilərdə əsasən, heç bir təcrübəsi olmayan adamlar fəhlə kimi işlədilir.


Baş nazirin müavini bildirir ki, Dövlət Komissiyasının iclasında axtarış tədbirlərinin sürətləndirilməsi qərara alınıb: «Bunun üçün əraziyə bir azdan ağır yükqaldırıcı texnika gətiriləcək».


A.Şərifov uçmuş binanın qeyri-qanuni inşa edilməsinə inanmadığını da söyləyib.


***


Avqustun 31-də Səbail Rayon Məhkəməsi Murtuza Muxtarov-185 ünvanında çökən binanın tikintisinə rəhbərlik etmiş dörd nəfər - «Mütəfəkkir» MTK-nın icraçı direktoru Əli Muradov, mühəndis və iş icraçıları Əsgər Əliyev, Fərhad Həsənov və Qədir Səlimov haqda 3 aylıq həbs-qətimkan tədbiri seçib. Bakı şəhər prokuroru Əziz Seyidov deyir ki, hazırda prokurorluq hadisə ilə bağlı araşdırma aparır. Günahkarların sayının artıb-artmayacağı ekspertizanın nəticəsindən asılı olacaq.


***

Uçmuş binanın yaxınlığında yerləşən binaların sakinləri evlərinin uçurulacağından narahatdırlar. Onlar «Azadlıq» radiosuna bildiriblər ki, avqustun 30-da onların yaşadıqları mənzillərə baxış keçirilib və bildiriblər ki, binalar söküləcək. Sakinlərsə buna etiraz edərək deyirlər ki, nə zirzəmilərdə və də mərtəbələrdə çatlar yoxdur və qəza vəziyyəti yaranmayıb.


***


Azərbaycan Fövqəladə Hallar Nazirliyi kömək məqsədi ilə Rusiya FHN-dən yüksək rütbəli şəxs dəvət etməyib. Azərbaycan FHN-nin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov deyir ki, həmin şəxsin gəlişi sadəcə əvvəlcədən planlaşdırılmış işgüzar səfərdir və hadisə ilə əlaqəsi yoxdur.


Nazir müavini Faiq Tağızadə isə səhər saatlarında jurnalistlərə bildirmişdi ki, hadisə yerində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin baş idarə rəisi Yuri Vladimiroviç Prazdnikov da çalışır.


***


Uçmuş binanın yaxınlığında çadırlar qurularaq həlak olanların yaxınlarına ehsan verilir. Ehsanı Fövqəladə Hallar Nazirliyi təşkil edib.


«Azadlıq» radiosunun müxbiri xəbər verir ki, az öncə hadisə yerinə Baş prokuror Zakir Qaralov və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov gəlib.


***

FHN-nın mətbuat xidmətinin rəhbəri Tural Müseyibov jurnalistlərə bildirib ki, 20 nəfərin dağıntılar altında qalması ilə bağlı edilən müraciətlərdən sonra məlum olub ki, bu rəqəm 15-dir. «Adı siyahıda olanlardan biri öz ayağı ilə gəlib dedi ki, o sağ və salamatdır. Çalışırıq ki, dağıntılar altında qalan cəsədləri normal vəziyyətdə çıxara bilək».


***


31 avqust. Uçqun altında qalan şəxslərin yaxınları xilasetmə işlərinin ləng getməsinə etirazlarını bildirirlər. Onlar yaxınlarının zirzəmidə olduğunu deyirlər. Fövqəladə Hallar nazirinin müavini Faiq Tağızadə isə deyir ki, binanın 3 mərtəbəli zirzəmisində heç kim tapılmayıb. Nazir müavini hazırda texnikanın işlədiyini, amma hansısa həssas məqam olanda texnikadan istifadə edilmədiyini bildirir.


Faiq Tağızadə elan edib ki, yaxınlarını axtarmaq üçün müraciət edənlərin sayı 20 nəfərə çatıb.


Hazırda uçqun altında qalanların yaxınları işin gedişi ilə tanış olmaq üçün əraziyə buraxılır.


Nazir müavini onu da deyib ki, hadisə yerində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin baş idarə rəisi Yuri Vladimiroviç Prazdnikov da çalışır.


***


Bir saat əvvəl uçmuş binanın qalıqları altından təzə bir meyit çıxarılıb. «Azadlıq» radiosunun hadisə yerində olan müxbirinin məlumatına görə, onun şəxsiyyəti hələ müəyyən olunmayıb. Bununla da bina çökməsində ölənlərin sayı rəsmi olaraq 12-i oldu.


***


9 nəfər şəxs uçqun altında qalmış yaxınlarını axtarır. Onlar bu barədə Bakı şəhər Prokurorluğunda yaradılmış qərargaha ərizə ilə müraciət ediblər.


Qərargaha müraciət edənlərin siyahısı:


Cumayev Qabil Cuma oğlu axtarır - bacanağı Məmmədov Surətdin Nurəddin oğlunu, Cabbarova Səmayə Ümid qızı axtarır - oğlu Hüseynov Rafiq Nemət oğlunu, Əsgərov Telman Əbdüləli oğlu axtarır - oğlu Əsgərov Telmanı, Səfərov Mübariz Nəbi oğlu iki qohumunu axtarır - Əhmədov Qədir Qərib oğlunu, Hüseynov Xalid Ağasə oğlunu, Cəfərov Nadir Cəfər oğlu axtarır - oğlu Cəfərov Akif Nadir oğlunu, Orucov Ayaz İsmayıl oğlu axtarır - Sadıqov İlham Soltan oğlunu, Aslanov Elmir Cəmil oğlu axtarır - atası Aslanov Cəmil Həmil oğlunu, Ələsgərov Sabir Qara oğlu axtarır - oğlu Ələkbərov Vüsal Sabir oğlunu.


***


Yasamal rayonu, Murtuza Muxtarov küçəsi -185 saylı ünvanda yerləşən 15 mərtəbəli binanın uçması ilə bağlı həbs ediləcək şəxslərin sayı arta bilər. Bakı şəhər prokuroru Əziz Seyidov belə deyib. O, hazırda istintaq getdiyini və təqsirləndirilən şəxslərin dindirildiyini bildirib.


Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə məlumatına görə 4 nəfər istintaqa cəlb olunub. Faktla bağlı tikintini aparan «Mütəfəkkir» MMC-nin baş direktoru Əli Muradov, eləcə də mühəndis Əsgər Əliyev, iş icraçıları Fərhad Həsənov və Qədir Səlimov şübhəli şəxs qismində saxlanılıblar.


***


Dağıntı altından çıxarılan 12 nəfərin cəsədindən 3-nün şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Bu barədə «Azadlıq» radiosunun hadisə yerində olan müxbirinə Fövqəladə Hallar nazirinin müavini Faiq Tağızadə məlumat verib. Artıq dağıntı altında olanların sağ qalma ehtimalının az olduğunu deyən nazir müavini xilasetmə işlərinin ikinci mərhələsinə başlandığını deyib. Yəni bundan sonra texnikanın köməyi ilə meyitlər axtarılacaq.


Bakı şəhər prokuroru Əziz Seyidov onlara qohumlarının dağıntı altında qaldığını bildirən 15 nəfərin müraciət etdiyini deyib. Prokuror onu da bildirib ki, kimin qohumu uçqun altındadırsa, həmin şəxslər yeni yaradılmış qərargaha müraciət edə bilərlər. Qərargahın qaynar xəttinin nömrəsi: 510-64-18.


Hadisə yerində qohumlarını axtaran şəxslərdə polis arasında dava-dalaş yaranıb.


***


Bir neçə dəqiqə öncə dağıntılar altında iki cəsədin olduğu müəyyənləşib. Fövqəladə Hallar Nazirliyinin Təcili Xilasetmə Xidmətinin rəisi polkovnik Cahangir Quliyev jurnalistlərə belə deyib. Cəsədlər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Faktı FHN-nin mətbuat xidmətini də təsdiqləyib. Beləliklə ölənləri sayının 12 olduğu rəsmi şəkildə bildirilib.


***


Bu vaxta kimi dağıntı altından çıxarılan şəxslərdən 10 nəfəri ölüb, 2 nəfəri xəstəxanadadır. Dağıntılar altında nə qədər şəxsin qalması barədə isə konkret rəqəm açıqlamaq mümkün deyil.


Fövqəladə Hallar Nazirliyinin Təcili Xilasetmə Xidmətinin rəisi polkovnik Cahangir Quliyev bu barədə məlumat verib. «Hadisə baş verəndən 72 saat sonra dağıntılar altında olanların sağ qalma ehtimalı böyükdür. Hələlik bizim 48 saat vaxtımız qalıb. Bundan sonra birinci mərhələni qurtarıb, ikinci mərhələyə başlayacağıq». Polkovnik hazırda FHN əməkdaşlarının ərazidə 4 növbədə işlədiklərini deyib.


Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İsmayılov deyir ki, bu vaxta kimi «Mütəfəkkir» MMC-yə dəfələrlə xəbərdarlıq edilib. Tikinti bir neçə dəfə dayandırılıb. Müavin MMC-yə lisenziyanın tikinti aparmaq üçün deyil, layihələşdirmə üçün verildiyini deyib.


***


Fövqəladə Hallar Nazirliyinin müraciətinə əsasən bu gün saat 9-da uçan tikilinin yaxınlığında yerləşən zərərçəkən binaların sakinləri əraziyə toplaşırlar. Onların evlərinə baxış keçiriləcəyi gözlənilir. «Azadlıq» radiosunun müxbiri xəbər verir ki, əraziyə gələn sakinləri yaxınlığa buraxmırlar.


Dağıntılar altında qalan şəxslərin yaxın qohumları, eyni zamanda jurnalistlər da əraziyə buraxılmırlar.


***


30 avqust. Xilasedicilər hadisə yerində olan «Azadlıq» radiosunun müxbirinə bildiriblər ki, bu vaxta kimi dağıntılar altından 12 nəfərin cəsədi çıxarılıb. Avqustun 30-da Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə bildirib ki, ümumilikdə 12 nəfər çıxarılıb: onlardan 8-i ölüb, 4-ü xəsarət alıb.


***


Avqustun 29-da axşam saatlarında dağıntıları altından 5 yaşlı uşaqla yaşlı qadının cəsədi çıxarılıb. Onların binanın yaxınlığından keçən şəxslər olduğu ehtimal edilir.


***


Hökumət Komissiyasının sədri, baş nazirin müavini Abid Şərifov uçan binanın yanındakı zərərçəkmiş və artıq sakinləri evakuasiya olunan binaya da baxış keçirib. Binanın dam örtüyü və üçüncü mərtəbəyə qədər sağ sütunu zədələnsə də, bina sökülməyəcək. Abid Şərifov binanın yenidən bərpa olunmasına dair göstərişlər verib.


***


Xəstəxanaya aparılarkən Sakit Feyziyev yolda vəfat edib.


***


Uçmuş binanın altından daha bir nəfər sağ qalmış şəxs çıxarılıb. Bu, Astara rayonunun Ərçivan kənd sakini Sakit Feyziyevdir. O, dərhal xəstəxanaya götürülüb. «Azadlıq» radiosunun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, uçqunlar altında axtarış tədbirləri davam etdirilir. Rəsmilər binanın çöküntüləri altında daha iki-üç nəfər sağ fəhlənin olacağını ehtimal edirlər.


***


Avqustun 29-da prezident İlham Əliyev Yasamal rayonu ərazisində inşa edilən çoxmərtəbəli binanın tikintisində baş vermiş qəza ilə əlaqədar Hökumət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.


Komissiyaya Baş nazirin müavini Abid Şərifov rəhbərlik edir.


Sərəncamla Hökumət Komissiyasına tapşırılıb ki, qəzanın baş verməsi səbəblərini qısa müddətdə araşdıraraq nəticəsi barədə Azərbaycan prezidentinə məlumat versin.


Hökumət Komissiyası qəza nəticəsində həlak olanların və zərərçəkənlərin ailə üzvlərinə lazımi yardım göstərməli, evakuasiya olunmuş şəxslərin yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirməlidir.


***


Uçqunlar altında qalaraq yaralanmış 4 nəfərin müalicəsi davam etdirilir. Yaralılardan üçü Kliniki Tibbi Mərkəzə, biri isə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutuna yerləşdirilib.


Kliniki Tibbi Mərkəz yerləşdirilən xəstələrin durumu daha ağırdır. Xəstəxanadan verilən xəbərə görə, yaralılardan ikisi travmatik şok vəziyyətindədir. Sonuncunun durumu orta-ağır kimi dəyərləndirilir.


Elmi-Tədqiqat Travmotalogiya və Ortopediya İnstitutunun direktoru Vaqif Verdiyevin «Azadlıq» radiosuna verdiyi xəbərə görə, uçqun zaman xəsarət almış 57 yaşlı İbrahim İbrahimov artıq əməliyyat olunub. İ.İbrahimov «Mütəfəkkir» şirkətində sürücü işləyib. O, xəstəxanaya avqustun 28-i saat 19.20-də sol əlin kəsilmiş, əzilmiş, didilmiş yarası, vətərlərin cırılması diaqnozu ilə daxil olub. V.Verdiyev bildirib Ki, bir neçə gündən sonra İ.İbrahimov barmaqlarındakı vətərlərin bərpa olunması məqsədilə yenidən əməliyyat olunacaq.


Bu saata qədər uçqunlar altından çıxarılan 5 cəsəd isə Respublika Kliniki Xəstəxanasının morquna yerləşdirilib.


***


Son məlumata görə, binanın dağıntıları altından Astara rayon Ərkivan kənd sakini Vüqar Əfəndiyev sağ çıxarılıb. Onu təcilli xəstəxanaya yerləşdiriblər. Binanın dağıntıları altında hələ də sağ qalanların olduğu bildirilir. Məlumatı hadisə yerində olan «Azadlıq» radiosunun müxbiri verib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bildiriblər ki, sağ qalanları çıxarmaq üçün xilasetmə işləri intensivləşib.


Avqustun 29-u səhər prezident İlham Əliyev də hadisə yerinə gəlib. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov vəziyyət barədə dövlət başçısına məlumat verib.


Rəsmi məlumata görə, uçqunun altından 8 nəfər çıxarılıb, onlardan 6-sı ölü, 2-si yaralıdır.


Rəsmi məlumata görə uçqun altında 5-6 nəfərin qaldığı bildirilir. Tikintidə işləyən fəhlələr isə uçqun altında qalanların sayının 50-60 nəfər olduğunu deyirlər. Rəsmilər isə bunu təkzib edirlər. Hazırda əraziyə yeni cəlb olunmuş texnika işləyir.


Bakının Yasamal rayonundakı Məhəmməd Naxçıvani küçəsi -14-də təzə tikilən bina avqustun 28-də tamamilə çöküb. Qəzaya səbəb kimi texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi göstərilir.


Tikintini aparan «Mütəfəkkir» şirkətinin rəhbəri də daxil olmaqla dörd vəzifəli şəxsi saxlanıb.