Ermənistan Sosioloji Assosiasiyasının iyulda keçirdiyi sorğu «Gallup» Sorğu Təşkilatının sifariş etdiyi rüblük araşdırmalar silsiləsindən sonuncusudur.
Sorğuya əsasən, rəyi soruşulan təqribən 1200 adamın 54 faizi deyib ki, Ermənistanın yanlış istiqamətdə getdiyi qənaətindədirlər.
Görünür, bədbin əhval-ruhiyyənin arxasında uzunsürən sosial-iqtisadi problemlər durur. Belə ki, respondentlərin yalnız 23 faizi deyib ki, ilin əvvəli ilə müqayisədə onların və ya ailələrinin maliyyə vəziyyəti yaxşılaşıb.
İqtisadi artıma baxmayaraq, rəyi soruşulanların yalnız 1/3-i ötən üç ayda ölkədə ümumi iqtisadi vəziyyətin yaxşılaşmasının şahidi olublar. 50 faiz isə vəziyyətin dəyişmədiyini söyləyiblər.
Beləliklə, sosial-iqtisadi çətinliklər ermənilərin problemlərinin başında durur. 35 faiz işsizliyin yüksək olduğunu qeyd edir. Dağlıq Qarabağ münaqişəsi və artan korrupsiya da sadalanan digər iki əsas problemdəndir.
«Hökumətin əsas uğursuzluğu nədir» sualına ən ümumi cavab korrupsiyaya qarşı bəyan olunan mübarizinin nəticəsiz qalmasıdır. Hökumətin digər əsas uğursuzluqları kimi isə istehlak qiymətlərinin qalxması, mübahisəli özəlləşmə sövdələşmələri və «xalqa qayğının zəifliyi» hesab olunur.
Araşdırma həmçinin, üzə çıxarıb ki, ermənilərin çoxu demokratiyanın inkişafından razı deyillər. Onların 2/3-dən çoxu düşünür ki, bu ilin mayında keçirilən parlament seçkiləri azad və ədalətli olmayıb. 60 faizin fikrincə isə, qarşıdakı prezident seçkisi də parlament seçkilərindən demokratik olmayacaq.
Bununla belə, rəyi soruşulanların yalnız 20 faizi Ermənistanın gələcəyinə bədbin yanaşır. 42 faiz isə bu məsələdə özünü optimist sayır.