«Həbsdəki jurnalistlərə yazdıqlarını çap etdirməyə icazə verilmir»

Jurnalistlər Həmrəylik Gününü Elmar Hüseynovun məzarını ziyarətlə qeyd ediblər

«Hazırda 7 jurnalist Azərbaycan həbsxanalarında ağır və dözülməz şəraitdə saxlanılır. Jurnalistlərin heç biri həbsxanada qanuni hüququndan istifadə edə, jurnalist fəaliyyətini davam etdirə bilmir. Belə ki, həbsxana rəhbərliyi onların yazdıqları məqaləni göndərməyə və mətbuata ötürməyə imkan vermir».

Bu barədə Azərbaycanda yerli KİV və vətəndaş cəmiyyəti institutları nümayəndələrinin Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə qəbul etdiyi bəyanatda deyilir.


Sənəddə qeyd edilir ki, ümumiyyətlə son iki ildə söz azadlığı ilə bağlı vəziyyət kritik həddə çatıb:


«Azərbaycanda jurnalistlər həbslərə, döyülmələrə, cərimələrə məruz qalır, dözülməz şəraitdə işləyir. Praktiki cəhətdən bütün telekanallar hakimiyyətin nəzarətindədir, internet dövlətin inhisarçılığındadır, habelə reklam bazarı demək olar ki, yoxdur».


KİV və vətəndaş cəmiyyəti nümayəndələri yerli və beynəlxalq ictimaiyyətə müraciət edərək, Azərbaycanda söz azadlığını müdafiə etməyə çağırır:


«Biz demokratik ölkələrin hakimiyyətləri və nüfuzlu beynəlxalq təşkilatlardan xahiş edirik ki, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə riayət etməsini tələb etsinlər».


Faşistlərin 1943-cü ildə ölüm cəzasına məhkum etdikləri çex jurnalisti Yulius Fuçik gestapoda edamını gözləyərkən, məşhur «Boynunda kəndirlə reportaj» adlı kitabını yazıb.


Jurnalistin bu cəsarətli addımına görə onun edam edildiyi gün, yəni 8 sentyabr 1958-ci ildən Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü kimi qeyd olunur.


Bu günü Azərbaycan jurnalistləri və vətəndaş cəmiyyətinin nümayəndələri 2005-ci il martın 2-də qətlə yetirilmiş «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun məzarını ziyarətlə qeyd edib.


Jurnalistlər hakimiyyətdən E. Hüseynovun qatillərinin tapılıb cəzalandırılmasını tələb edib.


Turan