Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq «Azadlıq» Radiosunun forumunun suallarını cavablandırıb.
-Beş gün ərzində Azərbaycanda oldunuz, ölkədə insan haqlarının vəziyyətinə dair təəssüratınız dəyişdimi?
-Bəli, təəssüratlarımda dəyişiklik baş verib, belə ki, hal-hazırda mən bu vəziyyətlə əlaqədar daha çox məlumatlıyam. Azərbaycanda bir il bundan əvvəl bir neçə günlük olmuşdum. İndi isə əlbəttə bu uzun müddətə səfər çərçivəsində daha çox məlumat əldə etdim.
-Avropa Şurasının həmməruzəçiləri tez-tez Azərbaycana gəlirlər. Məsələn, Andreas Qross, Andres Herkelin müntəzəm səfərləri olub. Onların məruzələrində müəyyən dəyişikliklər baş verirdi. Andreas Qross kifayət qədər kəskin məruzələr edirdi, Toni Lloyd isə mülayim məruzələri ilə fərqləndi. Cəmiyyətdə də belə fikir yarandı ki, Avropa Şurası artıq iqtisadi maraqları üstün tutur və müəyyən məsələlərdə güzəştə getməyə başlayıb. Bu məsələ həm insan haqlarının qorunmasında öz əksini tapır, həm söz azadlığında.
-Belə düşüncələrin heç bir əsası yoxdur. Çünki, insan hüquqları universaldır və onlar bütün sahələrdə - iqtisadi, sosial, insan hüquqları - mütləq tətbiq və şamil edilməlidir. İnsan hüquqlarının yerinə yetirilməsinə nəzarət daimi olmalıdır. Belə olmayan təqdirdə, buna qarşı etimad azala bilər. Hər hansı bir ölkədə insan hüquqlarının pozulması baş verirsə, mütləq onlara qarşı tədbirlər görülməlidir, onların üstü açılmalıdır. Digər məsələ ondan ibarətdir ki, hesabatların verilməsi, məlumatların ötürülməsi ədalətli şəkildə həyata keçirilməlidir. Ədalətli dedikdə, biz vəziyyəti doğru dərk etmək, düzgün qiymətləndirmə və hər hansı bir məlumat barəsində düzgün məlumat verməyi nəzərdə tuturuq. Əlbəttə ki gerçək faktlara söykənməyən hansısa bir məlumatın ötürülməsi heç bir şəkildə səmərəli ola bilməz və bunların nəticəsində insan hüquqlarını qorumaq mümkün deyil.
-Biz saytımızda dinləyicilərlə forum açmışıq. Onlardan biri soruşur: Cənab Hammarberq, Siz necə düşünürsünüz, Qərbin Azərbaycanda insan haqlarının pozulması və seçki saxtakarlıqlarının üstünü ört-basdır etməsi siyasi-hüquqi bir strategiyadır, yoxsa reallıqdan doğan zərurət?
-Əlbəttə kamil bir dövlət yoxdur, istənilən dövlətdə insan hüquqlarını müəyyən bir şəkildə pozulması halları mövcuddur. Qərb dedikdə hər halda bu sualı verən şəxs Avropanın müəyyən ölkələrini və ABŞ-a istinad edir. Orada da insan haqları problemləri var. Amma bizim fikrimizcə, insan hüquqlarının qorunması müəyyən işlənib hazırlanmış standartlar əsasında həyata keçirilməlidir. Belə standartlara misal olaraq Avropa İnsan haqları konvensiyasını göstərmək mümkündür.
Bu mənada, hesabat prinsipial olmalı, heç bir problem siyasi və ya başqa səbəblərdən gizlədilməməlidir. Bu, problemlərin həll olunmasının yeganə yoludur, yəni real problemlər haqda düzgün müzakirələr aparılmalıdır.
-Daha bir dinləyicinin sualı: hörmətli Tomas Hammarberq, Azərbaycanda baş verən biabırçılıqlara Sizin seyrçi mövqedən tamaşa etməyiniz nə ilə izah edilməlidir? Sizə elə gəlmir ki, bütün bunlar sonda Azərbaycanda geniş xalq kütlələrinin Avropa və Amerikaya bəslədikləri inamın sarsılmasına gətirib çıxaracaq?
-Ümid edirəm ki, bu, baş verməyəcək. Məsələn, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edək. Bu məhkəməyə bütün Avropa ölkələrindən göndərilən işlərin sayı getdikcə artır. Bu artıq belə bir fakta dəlalət edir ki, insanların etimadı var. Məhkəmədə öz fəaliyyətində obyektivdir. Bu obyektivlik olduğuna görə məhz insanların həmin məhkəməyə müraciəti getdikcə artmaqdadır. Bəzi hallarda əlbəttə, müəyyən beynəlxalq mexanizmlər və Avropa çərçivəsində fəaliyyət göstərən qurumlar hər hansı bir problemin həllində kifayət qədər yaxından iştirak edə bilmirlər. Hər halda ona görə baş verir ki, həmin məlumat barəsində o qurumlara yetəri dərəcədə məlumat çatdırılmış olmur.
-Səmra xanım Bakıdan soruşur: insan haqları sahəsində Avropa Şurasının fəaliyyətini heç kəs inkar edə bilməz. Bəs Azərbaycan üçün Avropa Şurası bu sahədə real olaraq nə etdi?
-Avropa Şurası müxtəlif hissələrdən, müxtəlif qurumlardan ibarətdir. Bunun bir hissəsini əlbəttə ki, Avropa İnsan Haqları Məhkəməsi təşkil edir ki, Azərbaycan da daxil olmaqla buraya bir sıra şikayətlər göndərilir. İkinci bir qurum Avropa Şurası Parlament Assambleyasıdır ki, burada parlament üzvləri yığışaraq müxtəlif məsələləri müzakirə edirlər. Bu parlament üzvləri arasında Azərbaycandan olan parlament üzvləri də daxildir ki, onlar da ümumilikdə mövcud olan məsələlərin – buraya Azərbaycandan olan məsələlər də daxildir – onların ümumi müzakirəsində iştirak edirlər. Daha sonra əlbəttə, mənim ofisim, yəni, insan haqları üzrə komissarın ofis vardır. Ayrıca bir yardım proqramı həyata keçirilir, bu, hüquqşünaslar, hakimlər, prokurorlar üçün təlim proqramlarının keçirilməsindən ibarətdir. Artıq Avropa Birliyi, Avropa Şurası və Azərbaycan hökuməti arasında belə təlim proqramlarının keçirilməsi barəsində bir razılıq əldə edilib. Bu razılığa əsasən bu təlim proqramları həyata keçirilir. Bunların böyük əhəmiyyəti vardır. Bundan əlavə Avropa Şurası müxtəlif ölkələr arasında müştərək səfərlərin təşkil olunması ilə məşğul olur ki, ölkələr bir-birilərindən öyrənmiş olsunlar.
-Səlcam Məmmədlidən Sizə sual var: Bu gün Azərbaycandan Avropa Məhkəməsinə gedən şikayətlərin sayı qonşu Gürcüstan və Ermənistanla müqayisədə dəfələrlə çoxdur. Siz bunun səbəbini nədə görürsünüz? Azərbaycanda insan haqları daha çox pozulur, yoxsa bizim insanlar daha çox hüquqi savadlı və hüquqi inadkardırlar? Bəlkə, başqa bir səbəbi var?
-Mənim əlimdə Avropa İnsan Hüquqları Məhkəməsinə müxtəlif ölkələrdən gələn şikayətlərin sayı barədə statistik məlumatlar yoxdur. Amma mənə belə gəlir ki, hər hansı bir ölkədən şikayətlərin verilməsi heç də həmin ölkədə hökumət tərəfindən insan hüquqlarının daha çox pozulmasına dəlalət edə bilməz. Yəni əgər insanlar müraciət edirsə, bu özü-özlüyündə sağlam bir mühitdir, sağlam bir durumdur. Ən əhəmiyyətli olan məsələ bu məhkəmənin mövcud olması və ora hər hansı bir insan hüquqları pozuntusu baş verən zaman müraciət etmək imkanının olmasından ibarətdir.
-Sonucu sual: Bu gün ekspertlər Azərbaycan və Ermənistan silahlı qüvvələrində insan haqlarının tez-tez pozulduğunu bildirirlər. Cənab Hammarberq, Avropa Şurasının insan haqları üzrə komissarı kimi Cənubi Qafqaz ölkələri, xüsusilə Azərbaycan və Ermənistan ordularında insan haqlarının durumu Sizə tanışdırmı? Real vəziyyət necədir? Hansı problemlər var və bu problemlərin həlli üçün Avropa Şurasının təklifləri nədən ibarətdir?
-İnsan hüquqlarının silahlı qüvvələrdə qorunması məsələsinə gəldikdə, ümumiyyətlə, bu səpkidə baş verən problemlər iki kateqoriyaya bölünür: birincisi, silahlı qüvvələrdə olan şəxsi heyətə qarşı-həm əsgərlər olsun, həm də zabitlər-onlara qarşı hansısa bir təzyiqlərin edilməsi, onların hüquqlarının pozulması, bu problem bir sıra ölkələrdə mövcuddur. Mən şəxsən buna qarşıyam, yəni bu, hansısa bir şəkildə onların müəyyən hüquqlarının pozulmasına qarşıyam. Çünki mənim fikrimcə, hərbi mükəlləfiyyətlilərin əslində öz hüquqlarını qoruması üçün çox məhdud imkanları vardır. Ona görə də məhz bu məsələ ilə yaxından məşğul olmaq lazımdır ki, müəyyən ölkələrdə, məsələn, Rusiyada olduğu kimi vəziyyət nəzarət altından çıxmış olmasın. İkinci məsələ müharibə şəraitində hansısa bir işğal zonalarında və s. hərbçilərin özlərinin hərəkətləridir, yəni mülki əhaliyə qarşı hərbçilərin törətdikləri əməllərdir ki, bu da çox əhəmiyyət kəsb edən bir məsələdir. Bu nöqteyi-nəzərdən də mütləq hərbçilərin maarifləndirilməsi, onların hansı əməlləri törədə biləcəkləri, hansı əməlləri törədə bilməyəcəkləri barədə maarifləndirilməsi, onlarla izahat işlərinin aparılması çox böyük əhəmiyyət kəsb edir. Bilirəm ki, Bakıda belə bir konfrans keçirilmişdi, orada məhz silahlı qüvvələrdə, orduda insan hüquqlarının pozulması ilə əlaqədar məsələlər müzakirə olunmuşdu və belə halların qarşısının alınması üçün onlar arasında maarifləndirmə işinin vacibliyi vurğulanmışdı.