Sülh və Demokratiya İnstitutu Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciət edib. Müraciət AŞPA-nın Monitorinq Komitəsinə, Azərbaycan üzrə həmməruzəçilər-Andreas Herkel və Toni Lloyrda ünvanlanıb. Sənəddə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməl etməməsi səbəbləri diqqətə çatdırılır.
Sentyabrın 12-də keçirdiyi mətbuat konfransında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus deyib ki, AŞPA-dan öhdəliklər məsələsini müzakirəyə çıxarmaq xahiş olunur.
Müraciəti imzalayanlar ümid edirlər ki, AŞ həbs edilmiş jurnalistlərin azadlığa buraxılmasını, böhtana görə maddənin Cinayət Məcəlləsindən çıxarılmasını, «Diffamasiya haqqında» qanunun qəbulunu Azərbaycan hökumətindən tələb edəcək.
Leyla Yunis deyir ki, bu gün Monitorinq Komitəsinin iclası başlayıb və o, həmməruzəçi Andreas Herkelli məsələ ilə bağlı məlumatlandırıb. Hüquq müdafiəçisi ümid edir ki, Monitorinq Komitəsinin iclasında müraciətə baxılacaq.
Bundan əvvəl də yerli hüquq müdafiəçiləri AŞ-nın 3 əsas prinsiplərinin - insan haqlarının, demokratiyanın və qanunun aliliyinin Azərbaycanda pozulduğu haqqında bu quruma bir neçə dəfə müraciətlər ediblər.
Hakimiyyət rəsmiləri dəfələrlə bildiriblər ki, Azərbaycanda söz və mətbuat azadlığına heç bir təhlükə yoxdur.
Beynəlxalq təşkilatlar isə öz hesabatlarında bunun əksini deyir, hakimiyyəti «Diffamasiya haqqında» qanunu qəbul etməyə, həbsdə olan jurnalistləri azad etməyə çağırır.