Naxçıvan etüdləri…

Naxçıvandan qayıtmaq getməkdən daha əzablıdır

Muxtar respublika yoxsa özəl üsul idarə?


…İndi Naxçıvanda müəllimlərə qələmdən də vacib, bel, kətmən, dəhrə və yaba kimi kənd təsərrüfatı alətləridir. Hər şənbə və bazar günləri Muxtar Respublikanın müəllimləri bir nəfər kimi iməciliyə çıxarılır, kimi ağacların, güllərin dibini boşaldır, kimi də taxıl, kartof sahələrində çalışır. Naxçıvan dövlət televiziyası isə əlavə iş günlərində təmənnasız çalışan və qələmini bellə əvəz edən bu insanları fasiləsiz tərənnüm edir:


«Şəhid Çingiz Babayev adına Şəkəroba kənd məktəbinin pedaqoji kollektivi və texniki işçiləri bu bazar günü yenidən iməciliyə çıxıblar. Onlar məktəbin təcrübə sahəsində güllərin ağacların dibini belləmiş, ərazini alaq otlarından təmizləmişlər…»


Muxtar Respublikada baş verənləri mavi ekrandan yox, özün seyr etmək istəsən gərək Bakıdan Naxçıvana uçasan. Ancaq oradan sizə lazım olan vaxtdan artıq qalmaq və əlavə narahatlıq istəmirsinizsə, geri qayıtmaq üçün bileti də elə Bakıda almağınız məsləhətdir. Hərçənd bu, indi o qədər də asan başa gəlmir.


«Deyirlər 100 manat ver bilet tapaq»


Naxçıvana gedib-gəlmək həmişə çətin olub. Blokadada olan əraziyə indi gedib-gəlmək üçün insandan daha böyük səbir, daha böyük imtiyaz tələb olunur. Pul-para da öz növbəsində. Hərçənd Tarif Şurası Naxçıvana təyyarə biletinin qiymətini heç də artırmayıb. Bir biletin qanuni qiyməti təqribən 16 manatdır…


Naxçıvandan qayıtmaq getməkdən daha əzablıdır. Belə də də yolçuya daha çox səbir, daha çox pul lazım ola bilər. Hər halda, Bakıdan-Naxçıvana uçduqdan və Naxçıvan hava limanında ani müşahidədən sonra bu fərqi görməmək, eşitməmək mümkün deyildi. Naxçıvan hava limanında bir gənc deyirdi ki, düz 8 gündür bilet ala bilmir: «8 gündür buradayıq. Bilet ala bilmirik. Yuxarı çıxanda deyirlər ki, 100 manat ver sənə bilet tapaq. Burada oturacaqların üstündə gecələyirik. Məcburuq, Bakıya getməliyik…»


Hava limanında gözləyənlərin arasında uşaqlı, körpəli analar da var idi. Bir ana 4-5 yaşlı uşuğını yatızdırıb, ürkək nəzərlərlə ətrafı seyr edirdi. Ana dəmir oturacaq üstündə yatan oğlunun başının altına döşəkcə qoyub, üstünə də dəsmal örtmüşdü:


«-Bilet yoxdur bacım?


-Yoxdur. Olsaydı burada niyə gözləyirdik. 3 gündür buradayıq. Deyillər bu gün olmayacaq, sabah olacaq. Rəis gəlib hər şeyi qaydasına qoyacaq. Biz də gözləyirik…»


Ancaq hava limanında bilet gözləyənlərin heç də hamısı suallarımıza cavab vermirdi. Onların bir çoxu demələrinə görə ehtiyat edirdilər. Əgər danışsalar bilet almaqları daha da düyünə düşər.


«-Mənim xarici pasportum yoxdur. Ona görə də heç avtobusa da bilet ala bilmirəm. Düz 4 gündür burada yatıram…»


Hava limanın mühafizə xidmətinin əməkdaşları isə növbədə gözləyənlərlə söhbətimizdə müdaxilə edirlər. Onlar artıq nə biletsiz insanları dinləməyə, nə də şəkil çəkməyə imkan verirlər. Üstəlik hava limanının növbə rəisi də suallarımıza cavab verməkdən imtina edir. Ona görə də bəzi insanlara əl altından 100 manata bilet satıldığı haqda gözləmə zalında eşitdiklərimin həqiqət olub-olmadığını öyrənə bilmirəm. Ancaq Bakıdan-Naxçıvana uçarkən təyyarədə bir hal xüsusi olaraq diqqətimi çəkmişdi. Təyyarənin arxa hissəsində 3-4 cərgə boş idi. Mənim kimi belə halla rastlaşmış insanlar iddia edirdilər ki, bilet qıtlığı əlavə gəlir əldə edilsin deyə süni şəkildə yaradılır…


«Yolları açıb qoymurlar ki, İrandan kartof gəlsin…»


Naxçıvanda deyirlər ki, «kartof ceyran belinə çıxıb». Yəni kartof qıtlığı var. Bazarlarda çox nadir hallarda kartofa rast gəlmək olur. Xırda çürük kartofu 1 manatdan ucuz almaq mümkün deyil:


«Yolları açıb qoymurlar ki, İrandan kartof gəlsin. 5 minə, 6 minə kartof satırlar. Camaatın da vəziyyəti çox ağırdır…»


Bu sözləri «Cahan» Ticarət Mərkəzindəki bazarda bir yaşlı qadın dedi. Naxçıvanda kartofun Bakı ilə müqayisədə az qala iki dəfə baha olması isə qəribədə olsa Muxtar Respublika rəhbərliyinin iqtisadi siyasəti ilə izah edilir. Ötən il Naxçıvanın Nazirlər Kabineti kartofçuluğun inkişafı ilə bağlı sərəncam verib. Bundan sonra əsasən kartof sahələri becərməyə başlayıblar. İran və Türkiyədən bu məhsulun idxalına qadağa qoyulub. Nəticədə də kartofun qiyməti Naxçıvanda görünməmiş həddə çatıb. Üstəlik Naxçıvanda danışırdılar ki, bəzən müəllimləri iməcilik adı ilə həmin kartof sahələrinə aparıb işlədirlər. «Cahan» Ticarət Mərkəzində qarşılaşdığım Həkimeldostu Mehdiyev isə deyir ki, bütün büdcə təşkilatları məcburi qaydada taxıl əkib becərirlər:


«Naxçıvanda əkin-biçin işləri büdcə təşkilatlarında çalışanlar üçün məcburidir. Hər bir müəllim, büdcədən maliyyələşən hər bir təşkilatda çalışan insan məcburi taxıl əkməlidir. Əgər kimsə əkməsə işini itirəcək…»


Sadə insanların əli torpaqdan soyuyub


Həkimeldostu Mehdiyev deyir ki, büdcədən maliyyələşən təşkilatları taxılçılığın inkişafına cəlb edilməsi heç də təsadüfü deyil. Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında sadə insanların əli torpaqdan soyuyub.



«1 hektardan çox taxıl əkdim. Susuzluqdan yandı…»


Babək rayonun Nehrəm kəndində isə insanları torpaqdan uzaqlaşdıran əsas səbəb kimi su qıtlığını göstərirdilər: «Əsas çətinlik su problemidir. Traktor da çox bahadır. Traktor yeri 40 manata şumlayır…»


Nehrəmdə deyirlər ki, əgər Araz çayından su çəkilərsə quraqlığa son qoyular. Ancaq nə qədər Muxtar Respublika rəhbərliyinə müraciət etsələr də təklifləri eşidilməz qalır. Ona görə də bəzən əkdiklərinin də xeyrini görə bilmirlər:


«-3 hektar yonca əkmişdim. Yonca elə bir şeydir ki, su versən 4 dəfə onu biçmək olur. Su yoxdur. Cəmi 1 dəfə biçib oturmuşam. 1 hektardan çox taxıl əkdim. Susuzluqdan yandı…»


Yanacağın qiyməti artırıldıqdan sonra Azərbaycan hökuməti hər hektar üçün kəndliyə 40 manat vəsait ayırıb. Nehrəmdə danışırdılar ki, bu pul yalnız traktorla yeri şumlamağa çatır. Yerin malalanması, məhsulun biçilməsi üçün lazım olan xərcləri isə onlar özləri çəkirlər. Hökumət üstəlik fermerləri pulsuz kübrə ilə də təmin etməlidir.


Naxçıvanda məktəb və başqa büdcə təşkilatlarında çalışan insanların əkin-biçin işinə cəlb edilməsinin kənd təsərrüfatının inkişafına necə təsir edəcəyini indidən demək çətindir. Ancaq Naxçıvanda tədrisin səviyyəsi haqda bəribaşdan düşünməyə dəyər. Naxçıvanda rəsmi şəxslərə müraciət edəndə onlar Muxtar Respublikanın sosial, ictimai-siyasi həyatı ilə bağlı heç də məlumat verməyi sevmirlər. Ən yaxşı halda jurnalistlərə məsləhət görürlər ki, ya Naxçıvan Dövlət Televiziyasına baxmaq, ya da «Şərq qapısı» qəzetini oxumaqla belə məlumatları əldə etmək mümkündür. Ona görə də muxtar respublikada ezamiyyətdə olduğum 3 gün ərzində imkan düşən kimi Naxçıvan Dövlət Televiziyasını izləmək fürsətini qaçırmırdım. Həmin televiziyadan eşitdiyim məlumata görə, bu il Muxtar Respublikasında təqribən 160-a yaxın məzun qəbul imtahanlarında 400-dən çox bal toplayıb. Naxçıvanda isə təqribən 300-ə yaxın orta məktəb var. Yəni bu üç yüz məktəbi bitirən şagirdlərin yalnız 160 nəfəri nisbətən yüksək balla ali məktəblərə daxil ola bilib.


«Gündə Naxçıvandan Türkiyəyə 20 avtobus gedir…»


Naxçıvanda torpaqların müəllim və başqa büdcə təşkilatlarında çalışan insanların ixtiyarına buraxılmasının başqa bir səbəbi də miqrasiyadır. Səhər tezdən Şərur rayonunun Cəlilli kəndində olub, Türkiyənin İqdır vilayətinə gedən avtobusa minik prosesini izləyirəm. Avtobusda Türkiyəyə gedən qadınlar da gözə dəyir. Nədənsə onlar suallarıma Türkiyə türkcəsində cavab verirlər:


«-Türkiyəyə gedirsiniz?


-Əvət.
-Türksünüz, yoxsa azərbaycanlı?


-Azəri…



Naxçıvandan Türkiyəyə gedən insanların deməsinə görə əsasən həyət və evlərdə çalışırlar. Çünki viza müddəti 2 aydan bir aya endirildiyindən fabrik və zavodlarda çalışmaq xeyli çətinləşib. Hər ay tamam olmamış viza müddətini uzatmaq üçün Naxçıvana qayıtmalı olurlar. Belə də isə tez-tez işdə fasilələr yarandığından onları təkrar işə götürmürlər. Türkiyədə günəmuzd işlər görən bir cavan oğlan qabarlı əlini bizə göstərməklə çörək pulu qazanmağın onlara necə ağır başa gəldiyini sözsüz izah etməyə çalışır. Bələdçimiz deyir ki, tək Cəlilli kəndindən yox, Muxtar Respublikanın əksər yaşayış məntəqələrindən insanlar dolanışıqlarını birtəhər təmin etmək üçün Türkiyəyə gedirlər:


- Gündə Naxçıvan Muxtar Respublikasından Türkiyəyə 20 avtobus gedir. Ailəli, uşaqlı hamı gedir. İki şirkətin burada ofisi var…


Miqrasiya özü ilə min bir dərd-sər gətirir


Bura ən çox da ailələrin baxımsız qalmasını, boşanma hallarının artamasını və yoluxucu xəstəliklərin yayılmasını aid edirlər. Naxçıvan şəhərində fəaliyyət göstərən Sağlam Gələcək Uğrunda İctimai Birliyi beynəlxalq təşkilatların dəstəyi ilə QİÇS-ə qarşı mübarizə məqsədi ilə layihə həyata keçirir. Birliyin sədri Məhəmməd Rızayev deyir ki, miqrasiya probleminin QİÇS xəstəliyinin yayılmasına birbaşa təsiri var:


«Bu gün QİÇS Naxçıvanda problemdir. Bəllidir ki, miqrasiya edən insanlar həmin ölkələrdə təsadüfü cinsi əlaqələrə girirlər və nəticədə gəlib ailələrini yoluxdururlar. Rəsmi statistikaya görə Muxtar Respublikada 14 nəfər immun çatışmazlığı virusuna yoluxub. Ancaq bu rəqəm həqiqətdə 5-10 dəfə çoxdur…


«Tayfaçılığın ən bariz nümunəsi Naxçıvandadır…»


Naxçıvanda miqrasiya siyasi proseslərə də təsirsiz ötüşməyib. İndi orada müxalifət partiyalarının təmsilçilərini necə deyərlər barmaqla saymaq olar. Nə Azərbaycan Xalq Cəbhəsi, nə Azərbaycan Demokrat, nə də Müsavat partiyasının yerli təşkilatının sədri Naxçıvanda deyildi. Kimisi işləmək üçün Türkiyəyə, kimisi də başqa bir xarici ölkəyə getmişdi. Azərbaycan Xalq Cəbhəsi Partiyasının yerli təşkilatının Naxçıvandakı qərargahının isə qapısından ağır bir qıfıl asılmışdı. Bu partiyanın sıravi üzvlərindən biri ilə qərargahın qapısını açıb həyətə keçirik. Ot basmış həyətdəki üzüm tənəklərinin meynələri belə dərilməmişdi. Naxçıvanda müxalifətçi olmaq nə deməkdir bunu bizə Ədalət partiyasının yerli təmsilçisi İsa Mirzəyev anladır:


«Naxçıvanda müxalifətçi olmaq o deməkdir ki, sən işsiz qalacaq, ailəni dolandıra bilməyəcəksən. Nəinki bacının, qardaşının heç ailə üzvlərinin problemlərini yoluna qoymayacaqsan. Əksinə onlara problem yaradacaqsan. Tayfaçılığın ən bariz nümunəsi Naxçıvandadır. Naxçıvanda rəsmi işlərdə çalışan bir müxalifətçi də yoxdur…»
Şərur rayonunda danışırdılar ki, bu rayonun həm mərkəzində, həm də ki, kəndlərdə əksər çayxanalar məcburi qaydada bağlanıb. Onlar bunu işsiz, narazı insanların çayxanalarda toplaşmasının qarşısını almaq məqsədi ilə görülən inzibati tədbirlər kimi dəyərləndirirdilər. Sovetlər dönəmində Azərbaycanda çayxanalar milli azadlıq hərəkatının iştirakçılarının əsas toplantı yerləri sayılırdı. Naxçıvan şəhərinin özündə də indi çayxanaların sayı xeyli azalıb. Şəhərdə ara-sıra gözə dəyən bu çayxanada istədiyin qədər çay içə bilərsən, ancaq orada Muxtar Respublikanın sosial, ictimai-siyasi həyatından söz salmaq məsləhət deyil. Çünki bir də başını qaldırıb görəcəksən ki, çayxanada heç kim qalmayıb.



«Naxçıvan camaatı Sovet dövründə öz haqqını tələb edən camaat olub. Bir məsələ olanda insanlar Bakıya, Moskvaya ərizəylə müraciət edirdi. İndi bu ütül-idarə əhalidə xof yaradıb. Danışmaqdan, müsahibə verməkdən çəkinirlər ki, onları incidə bilərlər…»


«İranda da araq içirik, ancaq buradakı kimi aşkarlıqda yox…»


Rəsmi məlumatlara görə Naxçıvan Muxtar Respublikasında 350 minə qədər insan qeydiyyatdadır. Ancaq çoxları güman edirdi ki, qeydiyyatda olan insanların ən azı yarısı muxtar respublikanı tərk edib. Bunun əvəzində Naxçıvana gələnlər də az deyil. Naxçıvanda hər addımbaşı İran İslam Respublikasının vətəndaşlarına rast gəlmək mümkündür. Otellər isə bir qayda olaraq İrandan gələn qonaqların hesabına fəaliyyət göstərir. İran vətəndaşlarını Naxçıvana gətirən səbəbləri öyrənmək mürəkkəb bir prosesdir. Ancaq «Cahan» Ticarət Mərkəzində rastlaşdığım İran vətəndaşlarının bəzisi Naxçıvana gəlişlərinin səbəblərini belə anladırdı:


«Bir hissə ticarətə gəlir. Bir hissə restoranlarda çalıb-oynamağa, araq içməyə gəlir. Bir hissə də gəzməyə-görməyə … İranda da insanlar araq içir. Ancaq buradakı kimi aşkarlıqda araq içdi yoxdur…»


Naxçıvanda mən qaldığım otelin də əsas qonaqları İran vətəndaşları idi. Sentyabrın 13-ü Bakıya qayıdacağım gün səhər yeməyi üçün otelin yeməkxanasına düşmüşdüm. Həmin gün müsəlman təqvimi ilə Orucluq ayının başlamasına təsadüf edirdi. Ancaq deyəsən yeməkxanadakı İran vətəndaşları bunun fərqində deyildilər. Çünki onların başı öz səhər yeməylərinə qarışmışdı… Bakıya qayıdacağım gün eşitdim ki, günvurmadan bir əsgər Naxçıvan şəhər xəstəxanasına düşüb. Həmin əsgərlə görüşmək təşəbbüsüm baş tutmasa da, bu səfər ərzində Naxçıvanda hərbi qulluqçuların həyat tərzi haqqında məndə müəyyən təsəvvürlər yaranmışdı. Naxçıvanda tək büdcədən maliyyələşən təşkilatlarda mülkü insanlar deyil, əsgərlər də xidmət sahələrindən kənarda çalışırlar. Əsgərlər Muxtar Respublika ərazisindəki dağlardan sal daşlar çıxarır, Naxçıvan şəhərinin özündə isə tikinti şirkətlərində armaturlar hazırlayırlar. Naxçıvanda gələcəyin əsgərlərinin formalaşdığı orta məktəblər də bütün bu tikinti-quruculuq işlərindən, iməcilik tədbirlərindən kənarda qalmamışdılar. Muxtar Respublikanın dövlət televiziyası da söhbətimin əvvəlində qeyd etdiyim kimi bundan böyük iftixarla bəhs edir:


«Şəhərimizdəki Cəmşid Naxçıvanisi adına 11 saylı orta məktəbin kollektivi dünən iməcilik tədbirlərində fəal iştirak ediblər. Onlar ərazini alaq otlarından təmizləmiş, ağacları suvarmışlar. İməcilik iştirakçılarının bir hissəsi də məktəbin daxilində təmizləmə işləri aparmışlar…»


…İndi Naxçıvanda müəllimlərə qələmdən də çox, bel, kətmən, dəhrə və yaba kimi kənd təsərrüfatı alətləri lazım olur. Şənbə və bazar günləri onlar üçün sinif otaqlarını parklar, xiyabanlar, əkin sahələri əvəz edir. Müəllimlərin toxum səpdiyi bu sahələrdə isə Naxçıvanın böyük gələcəyi yox, gündəlik ehtiyacları cücərməlidir…

Otellər bir qayda olaraq İrandan gələn qonaqların hesabına fəaliyyət göstərir
Naxçıvanda daha çox da hara gedirəmsə-gedim daim yaxınlıqda olan bir neçə polis və hüquq mühafizə orqanlarının əməkdaşlarının çevik nəzərləri təşvişə salırdı. Sağlam Gələcək Uğrunda İctimai Birliyinin sədri Məhəmməd Rzayev bunu əhali arasında xof yaranması ilə izah edir:

Naxçıvandan İqdıra gedənlər günəmuzd işləyirlər
-Türkiyəyə niyə gedirsiniz burada işləmək olmur?
-…»
Avtobusdakı yaşlı bir qadın isə əksinə bütün suallarımı cavablandırır: «İstanbula oğlumun yanına gedirəm. Həyat yoldaşı, uşaqları da ordadır. Gedirəm onlara baş çəkməyə. Birinci dəfədir gedirəm. Heç bilmirəm necə dolanırlar…»

Bazarda kartof tapmaq çətin məsələdir. Deyirlər ki, «kartof ceyran belinə çıxıb»
Babək rayonunun Nehrəm kəndinə getdiyim maşının sürücüsü də doğulduğu Yarımca kəndi ilə bağlı çox maraqlı rəqəmlər dilə gətirir. Yol boyu danışan həmin sürücünün sözlərinə görə Babək rayonun Yarımca kəndində təqribən 400 hektar əkinə yararlı sahə var. Ancaq həmin kəndə cəmi 40 hektar sahə əkilib-becərilir. Onun sözlərinə görə, həm texnikanın çatışmaması, həm də yanacağın qiymətinin artırılması kəndlini torpaqdan uzaq salıb. Nəticədə bir kiloqram buğdanın qiyməti təqribən 30-35 qəpiyə çatıb. Halbuki, ötən il Naxçıvanda bir kiloqram buğda cəmi 12 qəpik olub. Buğdanın bahalaşması isə unun-çörəyin bahalaşması deməkdir.

Bir ana 4-5 yaşlı uşağını yatızdırıb, ürkək nəzərlərlə ətrafı seyr edirdi
Gözləmə zalındakı kassaların birinin qarşısında isə uzun növbə var idi. Həmin kassanın qarşısında da insanlar avtobuslara bilet almaq üçün gözləyirdilər. Naxçıvandan Bakıya gedib-gəlmək çətinləşdikdən sonra Muxtar Respublika rəhbərliyi ilə İran arasında danışıqlar nəticəsində müvəqqəti avtobus reysi açılmışdı. Bu avtobuslar təyyarə bileti ala bilməyən sərnişinləri İran ərazisindən keçməklə Azərbaycanın Biləsuvar rayonuna, oradan da Bakıya aparırdılar. Gözləmə salonundakı əhval-ruhiyyədən aydın olurdu ki, İrana məxsus bu avtobuslara bilet almaq da asan iş deyil. Növbədə gözləyənlərin deməsinə görə avtobusun qiyməti 25 avrodur. Onların sözlərinə görə, İran İslam Respublikası dollardan imtina etdiyindən biletləri yalnız avro ilə almaq mümkün idi. Əgər kimsə Naxçıvanda qeydiyyatda deyilsə, avtobuslara bilet almaq üçün İranın Muxtar Respublikasındakı konsulluğundan viza almalıdır. Nə qeydiyatı, nə də xarici pasportu olmayanların vəziyyəti isə daha çıxılmazdır: