«Ədalətin bu gün də olmasa, sabah qələbə çalacağına inanıram»

«Haqqımda məhkəmə hansı qərar çıxarsa, normal vətəndaş kimi itaət edəcəyəm»

Sentyabrın 18-də «Barmek» prezidenti Hüseyn Arabulun məhkəməsi növbəti dəfə təxirə salınıb. Ağır Cinayətlər Üzrə Məhkəmədən bildirirlər ki, proses sentyabrın 21-nə təyin olunub.


«Azadlıq» radiosuna müsahibəsində Hüseyn Arabul bildirib ki, onun haqqında hökm vermək asan olmayacaq: «Mən Azərbaycan iqtisadiyyatına sərmayə qoymuş xarici sahibkaram. İndi bütün dünyanın gözü bu məhkəmədədir. Haqqımda məhkəmə hansı qərar çıxarsa, normal vətəndaş kimi itaət edəcəyəm. Ancaq ədalətin bu gün də olmasa, sabah qələbə çalacağına inanıram».


Dövlət ittihamçısı «Barmek» prezidentinə 8 il iş istəyib.


Hüseyn Arabul və «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» MMC-nin altı əməkdaşı Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirləndirilir.


«Barmek» 2001-ci ilin noyabrında Azərbaycana gəlib. Şirkət Bakı və Sumqayıt elektrik şəbəkələrini 25 illiyə idarəetməyə götürüb. 2006-cı ildə isə hər iki şəhərin elektrik şəbəkələrinin idarə edilməsindən uzaqlaşdırılıb.