Sentyabrın 26-da Bakıda arıçılıq məhsullarının növbəti satış-sərgisi başladı. Beş gün davam edəcək sərgiyə gələn alıcıları qiymətdən çox, balın təmiz olub-olmaması maraqlandırırdı. Arıçılar isə balın təmiz olduğunu, yəni ona şəkər qatılmadığını sübut etmək üçün dəridən-qabıqdan çıxırdılar: «Baxın, çiçək tozunu da gətirmişik…Arı balı çiçəkdən çəkib, onun tozudu».
Daşkəsəndən gələn Müzadil isə özüylə həm də içi bal dolu yekə bir kötük gətirib ki, alıcılara özünün nəsilli-köklü arıçı olduğunu inandıra bilsin. Müzadil gənc olsa da, arıçılıq elmini cikinə-bikinə kimi öyrənib. Deyir ki, təmiz balı tanımaq üçün bir neçə üsul var: «Məsələn, balla dolu qaşığı yuxarı qaldırıb tökürsən, əgər bal süzüləndə qırılmırsa, deməli, xalisdi. Həmçinin içinə çörək atırsan, qurusa, deməli, təmizdi…»
Alı dayı isə deyir ki, əsl mütəxəssislər balı iyindən tanıyırlar.
Şükür kişi isə satışa təkcə bal yox, həm də baldan hazırlanan min bir dərdə məlhəm gətirib: «Balın qaymağı ağız boşluğu xəstəliklərinin dərmanıdı».
Sərgidə tərifli balların qiyməti nə ucuzuydu, nə də baha. 15 manatdan 24 manata qədər hər cür çiçəyin, ağacın balını tapmaq olardı. Amma ağac kötüyündə arının yığdığı bal bir az bahadı, kiloqramı 50 manata.
Kənd Təsərrüfatı nazirinin müavini Aslan Aslanov deyir ki, nazirlik ölkədə arıçılıq təsərrüfatını inkişaf etdirmək üçün əlavə 12 damazlıq təsərrüfatı yaradacaqlar və fermerlərə güzəştli qiymətlərlə kredit verəcəklər.
Hazırda Azərbaycanda 375 arıçılıq təsərrüfatında 105 min arı ailəsi var.