Azərbaycan Fərdi Tərəfdaşlıq Planının ikinci hissəsini qəbul edib

Simmons deyir ki, Azərbaycan bir sıra islahatlar həyata keçirməlidir

Azərbaycan NATO ilə imzaladığı Fərdi Tərəfdaşlıq və Fəaliyyət Planının (İPAP) ikinci hissəsini artıq qəbul edib. Bunu Bakıda səfərdə olan NATO Baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons «Azadlıq» radiosuna bildirib.


Simmons bu səhər Xarici İşlər Nazirliyində NATO-Azərbaycan Tərəfdaşlıq Şurasının toplantısında planı müzakirə edib.


Xüsusi nümayəndə deyir ki, İPAP-ın ikinci hissəsi əvvəlkindən fərqlidir. Belə ki, indi «çox ciddi islahatlar nəzərdə tutulub».


«Sənədin ikinci hissəsində müdafiə sisteminin təkmilləşdirilməsi və vətəndaş cəmiyyəti ilə bağlı layihələr nəzərdə tutulur. Azərbaycan bu işləri həyata keçirmək üçün bəzi pozitiv addımlar atıb».


NATO ilə Azərbaycan ötən il İPAP planını imzalayıblar və sənədə uyğun olaraq rəsmi Bakı bir sıra islahatlar həyata keçirməlidir.


Simmons Bakıya Yerevandan gəlib. Onun dediyinə görə, bu səfərində Qarabağ məsələsi «xüsusi müzakirə mövzusu olmayıb». Diplomatın fikrincə sülh danışıqları «çox uzanır və belə vəziyyət region üçün yaxşı deyil».