«24 saat» qəzetinin baş redaktoru Fikrət Fərəməzoğlu Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 330 manat məbləğində cərimə olunub. Hakim Elşanə Vəliyeva bu qərarı müğənni Nazpəri Dostəliyevanın «24 saat» qəzetinə qarşı Cinayət Məcəlləsinin böhtan maddəsi ilə qaldırdığı iddiaya baxdıqdan sonra çıxarıb.
«Media forum» saytının məlumatına görə, hakim eyni zamanda Nəsimi Rayon Məhkəməsinin F.Fərəməzoğlu barəsində ötən il deputat Cavid Qurbanovun iddiası əsasında çıxardığı 2 il şərti həbs cəzasının müstəqil icra olunması haqqında da qərar verib. Bu, üzərində şərti həbs cəzası olan baş redaktora qarşı yeni məhkəmə qərarının onun həbsinə gətirib çıxarmaması üçün edilib.
N.Dostəliyeva F.Fərəməzoğlu və «24 saat»ın Natiq adlı yazarı barəsində qəzetin bu il martın 26-da və 28-də işıq üzü görən saylarında gedən məqalələrə görə məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdi. Məqalələrdə N.Dostəliyevanın oğlunun həbs olunduğu haqda məlumatlar verilirdi.