Azərbaycan polisində «Dubay əməliyyatı» hazırlanır

«İnsan alveri ilə məşğul olanlar göydən düşməyiblər...»

«İnsan Alverinə qarşı Milli Fəaliyyət Proqramının qəbul olunduğu ötən müddət ərzində 273 nəfər müəyyən edilib, 83 cinayətkar qrup, o cümlədən 15 mütəşəkkil dəstə ifşa olunub. Həmin dövr ərzində ictimai mənəviyyata zidd əməllərə görə 1242 nəfər haqqında inzibati məsuliyyət tədbirləri görülüb».


Bu məlumatı Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazov illik hesabatla çıxış edərkən açıqladı.


«İnsan alverinin qurbanları ölkəmizdən əsasən Birləşmiş Ərəb Əmirliklərinə, Pakistana, Hindistana və Türkiyəyə aparılır. Təəssüf ki, ölkəmiz hələ beynəlxalq sənədlərdə tranzit və mənbə ölkəsi kimi qeyd olunur.


Türkiyə, İranla əməkdaşlıq əlaqələrinin Birləşmiş Ərəb Əmirliklərinin müvafiq qurumları ilə də yaradılması nəzərdə tutulub», - deyə V.Eyvazov qeyd etdi.


V.Eyvazovun məlumatı deputatlarda bir sıra suallar doğurdu. Məsələn, Siyavuş Novruzov Azərbaycanın adının Birləşmiş Ərəb Əmirliklərində «qara siyahı»ya düşdüyünü bildirdi: «Bu ölkəyə viza almaq məsələsi gəldikdə bu, daha qabarıq üzə çıxır. Mən bu məsələni araşdırmaq üçün onların immiqrasiya idarəsinə müraciət etdim ki, ölkələrimiz arasında ekstradisiya haqqında saziş olduğu halda niyə insan alverçiləri həbs edilib Azərbaycana təhvil verilmir? Mənə bildirdilər ki, insan alveri ilə məşğul olan şirkətlərin adı Azərbaycana məlum olsa da, ölkəmiz onlara qarşı heç bir tədbir görmür».


Millət vəkili dedi ki, Daxili İşlər Nazirliyinin Rusiyada, Ukraynada və digər yerlərdə nümayəndələri fəaliyyət göstərsə də, nədənsə BƏƏ-də qurumun nümayəndəsi yoxdur:


«Birləşmiş Ərəb Əmirliklərində bu cinayətin ən geniş yayılmış seksiyaları mövcuddur. Orada da DİN nümayəndəliyi olmalıdır. Digər tərəfdən, insan alveri ilə məşğul olanlar göydən düşməyiblər, onlar həmin ölkəyə gedirlər, gəlirlər, telefon əlaqəsi qururlar. Bu problem bugünkü Milli Proqrama daxil olan məsələdir. Onlara qarşı mübarizə aparılmalıdır. Elə etməliyik ki, bizim vətəndaşların orada xəcalət çəkmədən gəzməsi mümkün olsun».


Öz növbəsində, V.Eyvazov qeyd etdi ki, bu yaxınlarda prezidentin BƏƏ-də nümayəndənin təyin olunması haqqında sərəncamı olacaq. «Yaxın günlərdə Birləşmiş Ərəb Əmirliklərində sırf bu istiqamətdə iş aparmaq üçün DİN-in nümayəndəsi təyin ediləcək. Biz həmçinin İnterpol vasitəsi ilə bütün ölkələrlə insan alveri cinayətləri ilə məşğul olan şəxslərlə mübarizə aparırıq. İnsan alveri ilə bağlı 17 axtarışda olan şəxs İnterpolun xətti ilə ölkəmizə təhvil verilib», - deyə nazir müavini bildirdi.





Oktyabrın 19-da kürd «partizanlarının» liderləri deyiblər ki, bundan sonra onların hədəfi Türkiyə ərazisindən keçən neft kəmərləri olacaq. Bu barədə kürd mənbələrinə istinadən «Reuters» agentliyi məlumat yayıb.


Yaraqlılar bu addımı türk ordusu onlara qarşı hücuma başlayarsa, atacaqlar.


PKK liderlərindən biri Murat Karayılan belə bir bəyanat verib: «Bizim neft kəmərləri üzrə xüsusi siyasətimiz olmayıb. Amma indi biz müdafiə müharibəsi aparırıq... Kəmərlər «Kürdüstandan» keçdiyindən…, onlar partizanlar üçün mümkün hücum obyektlərinə çevrilirlər...».


«Reuters» qeyd edir ki, Murat Karayılan Türkiyənin ən təhlükəli və çox axtarılan cinayətkarlar siyahısına salınıb.


Hərbi ekspert, istefada olan polkovnik-leytenant Ramiz Məmmədov da «Exo»ya bildirib ki, istəsələr, kürd yaraqlılar hər an Bakı-Tbilisi-Ceyhana həmlə edə bilərlər.


«Şübhəsiz, bu cür xəbərdarlıqlardan sonra Azərbaycan, Gürcüstan və Türkiyə rəhbərliyi kəmərin təhlükəsizliyini gücləndirəcəklər, hətta, ola bilsin, anti-terror koalisiyası üzrə müttəfiqlərin köməyinə müraciət etsinlər. Ancaq bunun [təxribatın] artıq bu gün gecə baş verəcəyi də istisna deyil», – deyə Məmmədov xəbərdarlıq edir...