İranın «Mehr» xəbər agentliyinin verdiyi məlumata görə, Təbriz, Üskü və Azərşəhri İran parlamentdə təmsil edən Əkbər Ələmi oktyabrın 24-də etdiyi çıxışında ictimai yerlərdə türk sözlərini yasaqlayan hökmlərin ləğv edildiyini bildirib.
Təxminən iki ay bundan əvvəl İranın Azərbaycan şəhərlərindəki bəzi dövlət nümayəndələri göndərdikləri hökmlərlə dükan tabloları, ərzaq malları, yerli istehsalat və reklamlarda türk sözlərinin işlədilməsinə qadağa qoymuşdular. Cənab Ələmi və digər həmkarı millət vəkili Rəsul Sədiği buna kəskin etiraz edərək, məsələ ilə bağlı daxili işlər naziri Mustafa Pur-Məhəmmədinin parlamentə hesabat verməsini istəmişdilər.
Əkbər Ələmi oktyabrın 24-də etdi son çıxışında bildirib ki, Daxili İşlər və Ticarət Nazirlikləri bu etiraza müsbət reaksiya göstərib. Onlar türk sözlərinin yasaq edilməsinin ölkə konstitusiyasına zidd və qeyri-qanuni olduğunu təsdiq edib.
Cənab Ələmi deyib ki, qanuna zidd olan bu kimi bəyanatlar anlaşılmazlıq və bəzi yerli orqanların milli təhlükəsizlik məsələsini dərindən başa düşməməsi nəticəsində ortaya çıxıb.
Bir gün bundan əvvəl-oktyabrın 23-də İran parlamentinin 21 deputatı birgə bəyanatla çıxış edərək Azərbaycan Respublikasında nəşr edilən Azərbaycan Tarixi Atlası ilə əlaqədar Azərbaycan hökumətinə etirazlarını bildirib.
«Tehran Times» qəzetinin verdiyi məlumata görə İranın xarici işlər nazirini Azərbaycan səfirindən izahat tələb etməyə çağıran millət vəkilləri xəritədə «İranın tarixi torpaqlarının» Azərbaycan ərazisi kimi göstərilməsindən narahatdırlar.
Həmin atlası Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşları hazırlayıblar. İnstitutun direktoru professor, millət vəkili Yaqub Mahmudovsa deyib ki, həmin xəritələrdə heç bir ölkəyə ərazi iddiaları əks olunmayıb, sadəcə Azərbaycanının tarixi dövlətlərinin əraziləri göstərilib.