«Əbu-Bəkr» məscidinə ibadətə gələnlərin sayı azalıb

Şalvarlarının ətəkləri hələ qısa qalsa da, çoxları saqqalına əl gəzdirmişdi

«Əbu-Bəkr» məscidi əhali arasında daha çox «vəhhabi məscidi» kimi tanınır, bu təriqətə tapınanların ən mütəşəkkil toplaşdığı yer hesab olunur. Apardığımız müşahidələr son bir neçə gündə bu məscidə gələnlərin sayının azaldığını göstərir.

Məscidin ətrafında yaşayanlar bildirirlər ki, cümə günləri camaat namazında bura on mindən artıq insan toplaşırmış. Bu zaman yaranan tıxaclar isə hətta namaz başa çatandan iki saat sonra açılmağa başlayırmış. Ancaq noyabrın 2-də cümə namazı zamanı məsciddə böyük qələbəlik yaşandığını görmədik. Hər zaman olduğundan fərqli məscidin ətrafında xeyli sayda polis keşik çəkirdi. Onlardan ərazinin hansı səbəbdən güclü nəzarətə götürüldüyünün səbəblərini soruşduqda bunun sadəcə təhlükəsizlik tədbirlərilə bağlı olduğunu bildirərək əlavə şərh vermədilər.


Son iki həftədə məscidə gələnlərin sayının azaldığını polislər də etiraf edir. Onların sözlərinə görə, cümə günü orta məktəblərdə dərslərdən yayınıb «Əbu-Bəkr» məscidinə gələn uşaqlar belə artıq gözə dəymir. Polislər bu tendensiyanı sentyabr ayından başlayaraq vəhhabi təriqətinə xidmət edən bir neçə şəxsin terrora cəhddə təqsirli bilinərək tutulması ilə əlaqələndirirlər.


Oktyabr ayında isə həm paytaxt Bakıda, həm də ölkənin bir sıra rayonlarında radikal vəhhabi qrupuna məxsus olduğu bildirilən şəxslərə qarşı xüsusi xidmət orqanları əməliyyat keçirib. Milli Təhlükəsizlik Nazirliyi bir sıra dövlət orqanlarına, həmçinin xarici ölkə səfirliklərinə və beynəlxalq təşkilatların nümayəndəliklərinə qarşı planlaşdırılan silahlı əməliyyatın qarşısını aldığı haqda bəyanat yayıb. Son günlər isə Bakıda polisin gücləndirilmiş şəraitdə işlədiyi müşahidə olunur.


«Əbu-Bəkr» məscidinin imamı Hacı Qamətlə görüşmək cəhdimiz baş tutmadı. Səbəbini açıqlamasa da, müsahibə verməkdən imtina etdi. Məscidə ibadətə gələnlərdən sıralarının hansı səbəbdən seyrəlməsinin səbəblərini soruşmaq cəhdlərimiz də alınmadı. Nədənsə ibadətə gələnlər heç suallarımızı dinləmədən «bizi siyasətə qatmayın» deyə hər hansı münasibət bildirməkdən imtina etdilər. Məsciddə xeyli çeçenlə də qarşılaşdıq. Onlar hər zamankı kimi burada ibadətlərini davam etdirdiklərini dedilər. Çeçenlər yaranan çətinliklərin Allahın ədaləti ilə tez bir zamanda yoluna qoyulacağını söylədilər.


Narahat olduqları aydın görünən bu şəxslərin görkəmlərində də dəyişiklər baş verib. Şalvarlarının ətəkləri hələ qısa qalsa da, çoxları saqqalına əl gəzdirmişdi.