«Kiçik məmurlar şantajla məşğul olan qəzetlərdən qorxurlar»

«Pul verməsinlər, reketçilik də olmasın»

«Dəqiq məlumatlarım var ki, bəzi kiçik məmurlar əhatələrində olan jurnalistlərə «gedin, pul alın» tapşırığını verirlər. Baxın, «reket» jurnalistlər daha çox kimin yanına gedirlər - baş həkimlərin, məktəb direktorlarının, mənzil istismar sahələri rəislərinin. Onlar işlərində nöqsanlara yol verməsələr, jurnalistlərdən çəkinməz və pul verməzlər. Onlardan pul alanlar tanınmayan qəzetlərdir. Pul verməsinlər, reketçilik də olmasın».


Bu barədə «525» dərc olunmuş müsahibəsində «Azəri- Press» Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı deyib.


Onun fikrincə, kiçik məmurlar şantajla məşğul olan qəzetlərdən qorxurlar. «Bir neçə gün əvvəl anamın işlədiyi məktəbdən yazıblar, sonra da qəzeti şagirdlər arasında paylayıblar. Soruşanda elə qəzet adı deyildi ki, 10 ildir mətbuatdayam, o qəzetin adını eşitməmişəm. Belə qəzetlərin təlaş yaratmaları məmurların gözükölgəli olmasından irəli gəlir».


«Azərbaycanın PKK-nı rəsmən terrorçu təşkilat kimi tanıyacağı gözlənilir». Bunu Sülh və Demokratiya İnstitutunun (SDİ) noyabrın 5-də təşkil etdiyi forumun nəticələrinə əsasən söyləmək olar.


İnstitutun keçirdiyi tədbirə ölkə mediası geniş diqqət ayırıb. Demək olar ki, bütün qəzetlər bu məsələyə həsr olunmuş məqalələr dərc ediblər. «Ayna» yazır ki, Türkiyənin Azərbaycana dost və qardaş ölkə olduğunu xatırladan SDİ direktoru Leyla Yunus bu zamana qədər PKK-nı terrorçu təşkilat kimi rəsmən tanımamağımıza təəssüfləndiyini bildirib:


«Türkiyə bizə qardaş ölkədir, PKK orada bizim soyumuzdan olan insanlara qarşı terror aksiyaları həyata keçirir. İndi hər zaman Azərbaycana dəstək olmuş Türkiyənin ağır günüdür. Azərbaycan rəsmən PKK-nı terror təşkilatı kimi tanımalıdır», - deyə L.Yunus vurğulayıb.


Millət vəkili İqbal Ağazadə PKK-nın Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri üçün təhlükəli olduğunu bildirib. İ.Ağazadənin fikrincə, PKK təkcə Türkiyə və regionun deyil, bütün dünyanın problemidir: «Əsas ixrac neft kəmərinin təhlükəsizliyinin təmin olunması üçün Türkiyə, Azərbaycan və Gürcüstanın ortaq təhlükəsizlik mexanizmi olmalıdır».


«Yeni Müsavat» yazır ki, Müsavat Partiyası başqanı İsa Qəmbər isə deyib ki, PKK məsələsi Azərbaycan ictimaiyyətinin yekdil fikirdə olduğu çox nadir hadisələrdən biridir.


Azərbaycanda heç kimin PKK-nın terror təşkilatı olduğunu inkar etmədiyini söyləyən millət vəkili Səyavuş Novruzov da bildirib ki, bu məsələdə hamı yekdil fikirdədir. O, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin baş verən hadisələrlə bağlı bəyanatla çıxış etdiyini xatırladıb. Tədbirin sonunda PKK-nın terror təşkilatı kimi tanınması məsələsinin müzakirəyə çıxarılması və müvafiq qərar verilməsi ilə bağlı Azərbaycan Milli Məclisinə müraciət edilib.


Müstəqil siyasətçi, politoloq Eldar Namazov AXCP, ADP, ALP və Müsavat partiyalarının seçki komissiyalarında yalnız özlərinin təmsil olunması iddialarını real hesab etmir. Bu barədə «Ekspress» yazıb.


Namazov bildirib ki, siyasi partiyaların mövqeyi qısa müddətdə kəskin şəkildə dəyişir, dəyişməyən yalnız iddialardır ki, onlar da real görünmür. Namazov qeyd edib ki, bir müddət əvvəl «Azadlıq» bloku digər müxalifət partiyalarını tənqid edir, onları müxalifət saymırdı. Konkret olaraq ADP-ni siyasi kursunu dəyişdiyinə, Müsavat Partiyasını parlamentdə iştirak etdiyinə görə qınayırdı: «İndi isə yeni format elan edir və bəyan edirlər ki, müxalifət düşərgəsi yalnız bu dörd partiyalardan ibarətdir. Sabah onların bir-birinə münasibətinin necə olacağı bilinmir».


Ötən gün Nərimanov Rayon Məhkəməsində hakim Sevinc Alıyevanın sədrliyi ilə «AMAY» şirkətinin «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu barədə «Üç nöqtə»yə məlumat Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutundan verilib. Prosesdə tərəflər razılığa gəlmək üçün vaxt istəyiblər. Hakim prosesin noyabrın 23-dək təxirə salındığını elan edib. Qeyd edək ki, şirkət baş redaktorun 1 milyon manat məbləğində cərimələnməsini istəyir.


«Yeni Azərbaycan» yazır ki, 2008-ci ilin büdcəsi 8 milyard 509 milyon manat olacaq. Bu barədə Milli Məclisin İqtisadi Siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə məlumat verib.


Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, qeyri-neft sektorunun inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi kimi vəzifələr növbəti ilin büdcəsinin gəlir və xərclər hissəsinin formalaşması zamanı diqqət mərkəzində olacaq.