Qənimət Zahid haqqında 48 saatlıq həbs qərarı çıxarılıb

Baş redaktor baş vermiş hadisəni təxribat adlandırır



Son məlumata görə, noyabrın 12-də Qənimət Zahidin məhkəməsi olacaq.

Vəkil Osman Kazımov bildirib ki, baş redaktor Vüsal adlı şəxsin müraciəti əsasında saxlanıb. / ANS Press /


***

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid barəsində Yasamal rayon Polis İdarəsi 48 saat müddətində şübhəli şəxs qismində saxlanma tədbiri seçib.


Bu barədə APA-ya «Azadlıq» qəzetinin baş direktoru Azər Əhmədov məlumat verib.


A. Əhmədov bildirib ki, artıq Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb.


***


Noyabrın 10-da polis «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidi saxlayıb.


Qəzetin redaktor müavini Sücəddin Şərifov bildirir ki, Qənimət Zahid hələ də Yasamal rayon Polis İdarəsində saxlanır.


Sücəddin Şərifovun dediyinə görə, səhər saatlarında polis baş redaktorun şahid kimi dindirilmək üçün idarəyə çağırıldığını bildirib. Günün ikinci yarısında isə artıq onun şübhəli şəxs qismində polisə ifadə verməli olduğu deyilib.


Bir neçə gün öncə, Qənimət Zahid iş yerinə - «Azərbaycan» nəşriyyatının binasına daxil olarkən, bir qadının təxribatına məruz qaldığını demişdi. Baş redaktor bildirirdi ki, binanın girişində bir qadın onu təhqir etdiyini deyərək, dava salmağa çalışıb. Kənarda dayanmış gənc oğlan baş redaktora hücum edərək, qadına sataşdığını deyib.


«Azadlıq» qəzetinin redaktor müavini deyir ki, Qənimət Zahid indi həmin gəncin şikayəti əsasında saxlanıb.