«bp-Azərbaycan» şirkətinin yeni vitse-prezidenti azərbaycanlı oldu

«bp-Azərbaycan» şirkətinin hökumət strukturları ilə əlaqələr və beynəlxalq əlaqələr üzrə yeni vitse-prezidenti vəzifəsinə Azərbaycan vətəndaşı Seymur Xəlilov təyin olunub. O, bu vəzifəyə 1 yanvar 2008-ci ildən başlayacaq. Bu barədə «Turan»a şirkətdən məlumat veriblər.


Xəlilov xaricdə təhsil almış gənc menecerlər nəslinə aiddir. Əvvəllər o, ABŞ-ın Azərbaycandakı səfirliyində işləyib, sonra isə Amerikada oxuyub və işləyib. Son vaxtlar o, «bp-Azərbaycan» şirkətində işləyirdi.


Şirkətdən bildiriblər ki, Xəlilov vitse-prezident vəzifəsinə milli kadrların yüksək vəzifələrə çəkilməsi üzrə siyasət çərçivəsində təyin olunub. Xəlilov «bp-Azərbaycan»ın vitse-prezidenti olacaq ikinci Azərbaycan vətəndaşıdır. Bir az əvvəl şirkətin yerüstü əməliyyatlar üzrə vitse-prezidenti vəzifəsinə Rəşid Cavanşirov təyin edilmişdi.