«Madrid sənədi Dağliq Qarabağı Azərbaycandan qoparır»

«Həmsədrlərin nazirlərə təqdim etdiyi planın bəzi detalları açıqlanıb»

«Yeni Müsavat» qəzetindəki «Madrid sənədi Dağliq Qarabağı Azərbaycandan qoparır» başlıqlı məqalədə bildirilir ki, Madriddə həmsədrlər tərəfindən Ermənistanla Azərbaycan Xarici İşlər nazirlərinə təqdim olunan planın bəzi detalları açıqlanıb: «Artıq Vartan Oskanyan bildirib ki, sənəd erməniləri qane edir. Onun bildirdiyinə görə, təklif edilən «ədalətli sülh» modeli Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsinə imkan verir».


«Yeni Müsavat»ın iddiasına görə, sənədə əsasən, beş rayon boşaldılacaq, Kəlbəcər isə bir neçə il ermənilərdə qalacaq.


Rusiyanın nüfuzlu «Kommersant» qəzetinin yazdığına görəsə plan Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları tədricən boşaltmasını nəzərdə tutur. Erməni qoşunları Kəlbəcər rayonunu da tərk etməlidir. Lakin bir müddət orada ermənilərin məhdud kontingenti qalacaq. Azərbaycandan Naxçıvana gedən nəqliyyat dəhlizləri açılacaq, eləcə də Ermənistanın nəqliyyat blokadası aradan götürüləcək. Kəlbəcərdə ATƏT-in rəhbərliyi altında beynəlxalq idarə yerləşəcək, tədricən rayon bütünlüklə Azərbaycanın nəzarətinə veriləcək. Azad olunmuş Azərbaycan əraziləri demilitarizasiya olunacaq. İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq sülhməramlı qüvvələr yerləşəcək.


Plan Laçın rayonundan Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhliz ayrılmasını da nəzərdə tutur. Nəhayət, beynəlxalq ictimaiyyət Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirilmiş ermənilərin Ermənistana qayıtmasını təşviq edəcək, bir neçə il sonra azərbaycanlı qaçqınlar Kəlbəcərə qayıda biləcək. Sülh razılaşmasının qarantı rolunda BMT Təhlükəsizlik Şurası çıxış edəcək. Qəzet bildirir ki, Bakı bu plana razılıq versə, Dağlıq Qarabağdan əlini üzmüş olur.


«Kommersant» Dağlıq Qarabağın yekun satusunun müəyyən edilməsi üçün nəzərdə tutulan səsvermə, yaxud referendum haqda yazmayıb. Lakin «Yeni Müsavat» bildirir ki, ərazilərin boşaldılması, qaçqınların qayıtması və sülhməramlıların yerləşdirilməsi kimi məsələlərin həlli referenduma qədər nəzərdə tutulur: «Həmin səsvermədə Dağlıq Qarabağ ermənilərinə öz müqəddəratını təyin etmə hüququ veriləcək. Ermənilərin müqəddəratlarını hansı formada təyin edəcəyi isə indidən bəllidir. Ona görə də ilk baxışdan məqbul görünən sülh planı əslində, Dağlıq Qarabağın Azərbaycandan de-yure qoparılmasına xidmət edir».


Politoloq Zəfər Quliyev «Azadlıq» qəzetindəki «Siyasətdə birinci ledi faktoru» başlıqlı məqalədə yazır ki, aktiv siyasi faktor kimi birinci ledi institutu yeni çağ demokratiyasının icadıdır: «Bu institut hazırda qadın faktorunun siyasətə təsir etdiyi çox vacib kanallardan birinə çevrilib». Quliyev yazır ki, birinci ledilər artıq ictimai həyatın, siyasi piarın və təbliğat kampaniyasının ayrılmaz hissəsinə çevriliblər.


Politoloqun fikrincə, Mehriban Əliyeva ölkə üçün yeni olan bu rolu çox tez və uğurla mənimsədi. İldən-ilə ictimai və xeyriyyəçilik fəaliyyətinin miqyasını genişləndirən və özünü birinci ledi mövqeyində möhkəmləndirən Mehriban Əliyeva qısa müddət ərzində Azərbaycanın siyasi həyatında əhəmiyyətli faktora çevrilə bildi: «Tendensiya göstərir ki, ölkənin birinci ledisi öz reytinqini və mövqeyini tədricən möhkəmləndirərək kifayət qədər müstəqil və əhəmiyyətli siyasi faktora çevrilir». Müəllifin qənaətincə, birinci ledi ilə bağlı plan Azərbaycan cəmiyyətində bir növ katolizator rolunu oynaya bilər; siyasi proseslərə dinamika və intriqa gətirərək, həyatın bütün sferalarını inhisardan çıxara, zamanla normal seçkilərin keçirilməsinə, yeni tendensiyaların yaranmasına səbəb ola bilər.