HƏBSDƏ OLAN JURNALİSTLƏR






MİRZƏ SAKİT


«Azadlıq» qəzetinin əməkdaşı, satirik şair Mirzə Sakit narkotik maddələrin saxlanması ittihamı ilə 2006-cı ilin iyununda 3 il azadlıqdan məhrum edilib.


2007-ci il aprelin 24-ü Ali Məhkəmə Apellyasiya Məhkəməsinin onun haqqında çıxartdığı qərarı qüvvədə saxlayıb.


Jurnalist ona qarşı irəli sürülən ittihamları rədd edir, peşə fəaliyyətinə görə həbs olunduğunu bildirir.




FƏRƏMƏZ NOVRUZOĞLU


«Nota-bene» qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu yanvarın 30-da iki il müddətinə azadlıqdan məhrum edilib.


Həbsə səbəb Daxili İşlər naziri Ramil Usubovla Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Fərəməz Novruzoğluna, «Nota-bene» qəzetinin təsisçisi İlham Tumasa və həmin nəşrin baş redaktoru Sərdar Əlibəyliyə qarşı iddia qaldırmaları olub. İddialara qəzetin 2006-cı ilin dekabr saylarında Fərəməz Novruzoğlunun «Boz kardinalın Naxçıvan yürüşü» və «Ramil Usubovun növbəti şər kampaniyası» başlıqlı məqalələri səbəb olub.


Fərəməz Novruzoğlu (Allahverdiyev) uzun müddət xalq hərəkatında iştirak edib. O, bir müddət Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun rəhbər orqanlarında çalışıb.








SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI


Mayın 4-də Sabail Rayon Məhkəməsi «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlunu dörd il, bu nəşrin yazarı Rafiq Tağını isə üç il azadlıqdan məhrum edib.


Son sözündə Rafiq Tağı bütün konstitusion hüquqlarının pozulduğunu və özünü vicdan məhbusu saydığını deyib. O, islamdan belə ağır cəza gözləmədiklərini bildirib.


Samir Sədaqətoğlu isə məhkəmədə nə dinin, nə də dövlətin təməl prinsiplərinin qorunmadığını deyib.


Jurnalistlər irqi, milli və dini ədavəti qızışdırmaqda ittiham edilirlər. «Avropa və biz» məqaləsində Rafiq Tağının islam dini və Məhəmməd peyğəmbər haqqında bəzi təhqiredici fikirlər səsləndirdiyi iddia edilir. Onlar 2006-cı ilin noyabrın 15-də həbs edilmişdilər.








RÖVŞƏN KƏBİRLİ, YAŞAR AĞAZADƏ


«Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli və bu nəşrin şöbə redaktoru Yaşar Ağazadə 2 il altı ay müddətinə həbs edilib. Mayın 16-da bu barədə Yasamal Rayon Məhkəməsi hökm çıxarıb.


«Müxalifət» qəzetinin 24 fevral 2007-ci il tarixli sayında dərc edilmiş «A.M.A.Y.-Əliyevlər ailəsinin ticarət nişanı» sərlövhəli yazıda bəzi məlumatları özünə qarşı böhtan hesab edən Cəlal Əliyev yazı müəllifi və baş redaktorun həbsini istəmişdi.








MÜŞFİQ HÜSEYNOV


İyulun 26-da «Bizim yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynovun barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib.


Rəsmi məlumata görə, jurnalist iyulun 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından 3500 dollar rüşvət alarkən xüsusi əməliyyat nəticəsində həbs olunub.


Müşfiq Hüseynovun vəkili hökmü qanunsuz və əsassız adlandırıb.








EYNULLA FƏTULLAYEV


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə oktyabrın 30-da «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevi 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib. O, terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinib.


Noyabrın 19-da vəkil İsaxan Aşurov Eynulla Fətullayev haqqında məhkəmənin çıxardığı hökmdən apellyasiya şikayəti verib. Şikayət təmin edilməyib.








QƏNİMƏT ZAHİD


Noyabrın 11-də Yasamal Rayon Məhkəməsi Qənimət Zahidin iki aylığa həbs olunması barədə qərar çıxarıb. Polis onu şikayət əsasında saxladığını bildirib, baş redaktora qarşı sağlamlığa az ağır zərərvurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürmüşdü.