Putin Medvedevin namizədliyini dəstəklədi

Dmitri Medvedev 1965-ci ildə Leninqradda anadan olub

«Vahid Rusiya», «Ədalətli Rusiya», Aqrar Partiya və «Vətəndaş Gücü» Rusiya prezidentliyinə vahid namizəd kimi Dmitri Medvedevin namizədliyini irəli sürürlər. Bu barədə dekabrın 10-da dörd partiya liderlərinin prezident Vladimir Putinlə görüşündə bəyan olunub.


Putin bu namizədliyi tam dəstəkləyib: «17 ildən çoxdur ki, onunla yaxından tanışam və onun namizədliyini tamamilə dəstəkləyirəm».


Rusiya prezidenti postuna öz namizədini «Vahid Rusiya» rəsmən dekabrın 17-də keçiriləcək qurultayında elan edəcək.


Medvedev öz növbəsində, deyib ki, onun namizədliyinə dair məsləhətləşmələr hələ qarşıdakı iki gündə davam etdiriləcək.


Dmitri Medvedev 1965-ci ildə Leninqradda anadan olub. Həmin şəhərdə Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2003-cü ilin oktyabrında Rusiya prezidenti administrasiyasının rəhbəri təyin olunur. 2005-ci ilin noyabrında Baş nazirin birinci müavini təyin edilib.


Hüquq elmləri namizədi, dosentdir. Evlidir. 1 oğlu var.