XİN «diplomatik şəhərcik» yaratmağı təklif edir

Şəhərcik çox güman ki, Bakının mərkəzindən kənarda salınacaq

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Bakıda fəaliyyət göstərən xarici səfirliklər və beynəlxalq təşkilatların nümayəndəlikləri üçün «diplomatik şəhərcik» yaradılması təklifini irəli sürüb. Bu barədə XİN mətbuat katibi Xəzər İbrahim keçirdiyi ənənəvi mətbuat konfransında məlumat verib.

Təklifə əsasən, xarici səfirliklərin hamısı eyni ərazidə yerləşəcək, vahid infrastruktur, təhlükəsizlik və diplomatların yaşayışı üsün şəraitlə təmin olunacaqlar.


Hazırda XİN şəhərciyin tikintisinə ərazi ayrılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin qərarını gözləyir. Xəzər İbrahim belə təklifin ortaya çıxmasını beynəlxalq təcrübə ilə əsaslandırıb. Onun sözlərinə görə, şəhərcik çox güman ki, Bakının mərkəzindən kənarda salınacaq.


Hazırda Bakıda 35-ə yaxın diplomatik nümayəndəlik fəaliyyət göstərir. Onların bəziləri İçərişəhər tarixi memarlıq qoruğunda yerləşiblər.


Amerika səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik isə «Azadlıq» radiosuna bildirib ki, səfirliklərin harada yerləşməsi həm də onların təmsil etdikləri ölkənin istəyindən asılıdır. ABŞ səfirliyi Bakının mərkəzindən kənarda olmaq istəməzdi. Səfirlik nümayəndəsi onu da deyib ki, onlar Azərbaycan tərəfindən belə bir təklif almayıblar.