AŞPA Azərbaycanda söz azadlığının pozulmasını pisləyir

AŞPA komitəsi Azərbaycan hakimiyyətini zəruri islahatlar keçirməyə çağırır

Dekabrın 14-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) insan haqları və hüquqi məsələlər üzrə komitəsi Azərbaycanda jurnalist hüquqlarının və söz azadlığının pozulmasını pisləyib. Komitənin «Turan»a ünvanlanan bəyanatında Azərbaycanda jurnalistlərin «müntəzəm» olaraq təqiblərə məruz qalması pislənilir.


AŞPA-nın 1577 saylı qətnaməsində deyilir ki, bir çox üzv-dövlətlərdə böhtana görə ittihamlar əslində hakimiyyət tərəfindən KİV-ləri tənqidə son qoydurmağa məcbur etmək üçün istifadə olunur. «Belə siyasət mətbuatda «özünə senzura» formalaşmasına, demokratik debatların və ümumi informasiya axının azalmasına səbəb olur. İnsan haqları və hüquqi məsələlər üzrə komitənin təşəbbüsü ilə AŞPA Avropa Şurası üzv-ölkələrinə böhtana görə həbs məsələsini təcili şəkildə ləğv etmək kimi qəti çağırış etdiyini bildirib. Komitə jurnalist İlqar Nəsibovun həbsinə və jurnalist Enyulla Fətullayevin 8,5 il müddətinə azadlıqdan məhrum olunmasına qəti şəkildə etiraz edir» - deyə sənəddə qeyd edilir.


Komitə həmçinin qeyd edir ki, onun narahatlığı Azərbaycanın öhdəliklərini yerinə yetirməsilə bağlı 1545 saylı qətnamədə əksini tapıb. Xüsusilə, sənəddə Azərbaycan hakimiyyəti böhtanın dekriminalizasiyası üzrə zəruri islahatlar keçirməyə, mülki məcəlləyə yenidən baxmağa çağırılır.