Jurnalistlər aclığı dayandırıblar

Qənimət Zahid noyabrın 11-də iki aylığa həbs olunub

Hazırda həbsdə olan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid və onunla həmrəylik nümayiş etdirən 10-dan artıq jurnalist aclıq aksiyasını dayandırıb.


Qənimət Zahidin vəkili Elçin Sadıqov «Azadlıq» radiosuna deyib ki, həmkarları baş redaktora müraciət edib, ondan səhhəti ilə əlaqədar aclığı dayandırmağı xahiş ediblər. O, da bunun əsasında aclığı dayandırıb.



Az sonra «Yeni Müsavat» qəzetinin ofisində aclıq edən jurnalistlər də aksiyanı dayandırıblar.



Artıq 6 gündür aclıq edən «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu: «Müzakirə etdik, məsləhətləşdik. Bu aksiyanın məqsədi Qənimət Zahidin başladığı aclıq aksiyasını dəstəkləmək idi. Ona görə biz də qərar verdik ki, aclıq aksiyası saat 15:00-dan etibarən dayandırılsın».


Qənimət Zahid noyabrın 11-də iki aylığa həbs olunub. O, xuliqanlıqda və qəsdən bədənə orta-ağır xəsarət yetirməkdə ittiham edilir.


Qənimət Zahid mətbuata basqılara son qoyulması tələbilə dekabrın 8-dən aclıq edirdi.