XİN MTN-nin məlumatını dəqiqləşdirir

«Səfirmizin İran Xarici İşlər Nazirliyinə çağırılması barədə məlumatımız yoxdur»

«Səfirmizin İran Xarici İşlər Nazirliyinə çağırılması barədə məlumatımız yoxdur». Bunu Azərbaycan XİN mətbuat katibi Xəzər İbrahim dekabrın 17-də bildirib.


İran mediasının xəbərlərinə görə, dekabrın 15-də Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov İran XİN-ə çağırılıb və nazir müavini Mürtəza Səfəri ona Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İranla bağlı ittihamlarına etirazını bildirib.


Tehranın narazılığına səbəb ötən həftə MTN-in rəsmi məlumatında şərti adı «Səidin dəstəsi» olan qrupun İranın kəşfiyyat orqanları ilə işbirliyində ittiham olunmasıdır. Bu dəstə Bakıda bir sıra səfirliklərə və Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qarşı təxribat törətmək cəhdlərində günahlandırılır.


Məsələnin hazırda MTN-lə XİN arasında dəqiqləşdirildiyini deyən Xəzər İbrahimin sözlərinə görə, Azərbaycan tərəfi indiyədək mövzu ilə bağlı diplomatik vasitələrdən istifadə etməyib: «Bu barədə Azərbaycanın dövlət qurumlarının birinin məlumatı olub və hazırda biz bunu dəqiqləşdiririk. Gələcəkdə hansısa bəyanata və addıma lüzum yaransa bunu edəcəyik».


XİN rəsmisi onu da bildirib ki, Azərbaycan İranla dostluq və tərəfdaşlıq münasibətlərinin davamında maraqlıdır.


Dekabrın 10-da Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsində və islam dövlətinin qurulmasına cəhddə ittiham olunan bir qrup gənc barəsində hökm çıxarılıb.


Ağır Cinayətlərə dair Məhkəmə qruplaşmanın 11 üzvünü casusluğa, ölkədə hakimiyyətin zorla ələ keçirilməsinə hazırlığa görə uzun müddətli azadlından məhrumetmə cəzasına məhkum edib. Qrupun üzvləri bu ilin yanvarında MTN-in xüsusi əməliyyatı zamanı həbs olunublar.