ATƏT «Qala» telekanalına təzyiqlərdən narahatdır

ATƏT Ermənistanda KİV azadlığı ilə bağlı vəziyyətdən narahatlıq bildirib

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ermənistanda KİV azadlığı ilə bağlı vəziyyətdən narahatlıq bildirib.


ATƏT-in söz azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti bəyan edib ki, ATƏT Ermənistan hakimiyyətinin müstəqil «Qala» telekanalına təzyiqlərindən narahatdır.


Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyana məktubunda Haraşti həmçinin, bu yaxınlarda Yerevanda müxalif «Çorord işxanutyun» qəzetinin redaksiyasında törədilən partlayışdan narahatlığını bildirib.


Gümrüdəki «Qala» teleşirkətini Vergi xidməti 25 milyon dram (58 000 Avro) məbləğində vergidən yayınmada ittiham edir. Şəhər meriyası isə bu telekanaldan tələb edir ki, Gümrüdəki köhnə teleqüllədən öz avadanlıqlarını yığışdırsın.


Ermənistanda hesab edirlər ki, «Qala»ya qarşı təqiblər onun Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın çıxışını yayımlamasından sonra başlayıb.