Azərbaycan gələn il də Praqa formatına sadiq qalacaq

«Amma ümumilikdə demək olmaz ki, irəliləyiş yoxdur. Biz səylər göstərmişik…»

Azərbaycan 2008-ci ildə də Qarabağ danışıqlarının Praqa formatına sadiq qalacaq və münaqişə ilə bağlı mövqeyini möhkəmləndirməyə çalışacaq. Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim 2007-ci ilin yekunları ilə bağlı dekabrın 24-də keçirdiyi mətbuat konfransında belə deyib.


«Bakı beynəlxalq vasitəçilərin münaqişə ilə bağlı müvəqqəti nikbinliklərini bölüşmür»-XİN rəsmisi xatırladıb ki, bu ilin əvvəlində danışıqların tezliklə həllinə dair ümidverici bəyanatlar səsləndirilsə də, aktiv təmaslar konkret nəticə verməyib.


«Amma ümumilikdə demək olmaz ki, irəliləyiş yoxdur. Biz səylər göstərmişik, danışıqlarda aktiv iştirak etmişik, həmsədrlərlə sıx işləmişik və Ermənistandan konstruktivlik göstərməsini tələb etmişik. İndi də biz qarşı tərəfdən konstruktiv mövqe gözləyirik».


2007-ci ildə Azərbaycan və Ermənistan prezidentləri arasında 1, Xarici İşlər nazirləri səviyyəsində isə 4 görüş keçirilib. İl ərzində həmsədrlər münaqişə ölkələrinə çoxsaylı səfərlər edib, təmas xəttində ATƏT 19 monitorinq aparıblar.


Xəzər İbrahim onu da deyib ki, Azərbaycan tərəfi döyüş mövqelərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı məlumatları toplayaraq il ərzində beynəlxalq təşkilatlara və xarici ölkələrə təqdim edib.