«Mətbuat azadlığı xoş məramla deyil, qanunla təmin olunmalıdır»

ATƏT-in Vyanadakı Baş qərargahı, 17 avqust 2006

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti prezident İlham Əliyevin 5 jurnalisti əfv etməsini alqışlayır. Lakin xəbərdar edir ki, jurnalistikanın kriminallaşdırılmasının qarşısı yalnız müvafiq qanunvericiliyə dəyişikliklər edildikdən sonra alına bilər.


M. Haraştinin «Azadlıq» radiosuna daxil olan bəyanatında deyilir:


«Bəzi jurnalistlərin azad olunmasını eşitməyə şad oldum, amma unutmamalıyıq ki, üç jurnalist (Eynulla Fətullayev, eləcə də Qənimət və Sakit Zahidov qardaşları) hələ də həbsdədir. Onlar da azadlığa buraxılmalıdır».


M. Haraşti bildirir ki, yalnız defamasiya (böhtan) halları mülki məhkəmələrdə araşdırıldığı zaman jurnalistikanın keyfiyyəti yaxşılaşa bilər.


«Mətbuat azadlığı xoş məram jestləri ilə deyil, qanunla təmin olunmalıdır... Ölkədə defamasiya cinayət əməli kimi qaldıqca, jurnalistlər daim təqib qorxusu altında işləyəcəklər», - deyə M. Haraşti qeyd edir.