«Regionda hər an müharibə başlaya bilər»

«ABŞ hərbçilərinin İranın addımlarından xeyli qəzəbləndiyi aydın görünür»

«Yeni Müsavat» yazır ki, ABŞ kəşfiyyatının açıqlamalarından sonra İran ətrafında gərginliyin arxa plana keçdiyi və müharibə təhlükəsinin sovuşduğu barədə ehtimallar səslənir. Belə bir vaxtda bölgədə yenidən gərginlik müşahidə olunmağa başlayıb. Xüsusilə də iki gün əvvəl İran katerlərinin Fars körfəzindəki Amerika gəmilərinin yaxınlığınadək üzməsi, amerikalıları açıq təhdid etməsi və qarşı tərəfin döyüş hazırlığı vəziyyətinə gətirilməsi bölgədə müharibənin hər an başlaya biləcəyi qənaətini yaradır.


Qəzet yazır ki, ABŞ rəsmilərinin açıqlamalarından onların son hadisədən xeyli qəzəbləndiyi aydın görünür.


Politoloq Rasim Musabəyovun fikrincə, ABŞ-ın planlı şəkildə İrana qarşı hərbi əməliyyata başlaması məsələsi artıq gündəlikdən çıxıb: «Ancaq bu, heç də o demək deyil ki, hərbi toqquşma aktual deyil. Nəzərə alınsa ki orada xeyli silahlı qüvvə cəmləşib, deməli, təxribat, yaxud anlaşılmazıq nəticəsində hərbi toqquşma hər an baş verə bilər. Gərginliyin gözlənilmədən artaraq hərbi əməliyyata gətirib çıxara biləcəyini istisna etmək olmaz».


Mətbuat Şurasının sədri Əflatun Amaşov «Ayna»ya deyib ki, «KİV-lərə dövlət dəstəyi konsepsiyası» üzərində son dəqiqləşmələr aparılır.


«Sənəddə mətbuata dövlət dəstəyinin prinsipləri, formaları, mexanizmi, bu zaman şəffaflığın təmin olunması və digər məsələlər öz əksini tapacaq. Layihədə irəli sürülən əsas məsələ KİV-lərin maddi durumunun yaxşılaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsidir».


Əflatun Amaşovun fikrincə, ilk növbədə mətbuat vasitələrinə ayrı-ayrı dövlət strukturlarından qrantların verilməsini həll etmək lazımdır: «İkinci vacib məsələ mətbuatın inkişafına yönələn uzunmüddətli az faizli kreditlərdir. Üçüncü məsələ rəsmi qurumlar, idarə və müəssisələrin elanlarının KİV arasında mərkəzləşdirilmiş şəkildə bölünməsidir». Şura sədri deyir ki, konsepsiya Prezidentin İcra Aparatına təqdim edildikdən sonra fəaliyyət proqramı hazırlanacaq.


«Yeni Azərbaycan» yazır ki, Ceyhan şəhərindəki Türkiyə-Azərbaycan qardaşlıq parkında «Bakı» kafesinin açılışı olub. Tədbirdə Ceyhan limanında «Palmali» şirkətinin «Heydər Əliyev» tankerinə Azərbaycan neftinin doldurulması mərasimində iştirak etmək üçün bu şəhərə gəlmiş Azərbaycan nümayəndə heyəti də iştirak edib.


«Gedişhaqqını qaldıran sürücülər cəzalandırılacaq»-, bu barədə «Üç nöqtə» yazıb. Məsələyə münasibət bildirən Nəqliyyat Nazirliyinin rəsmisi Namiq Həsənov bildirib ki, süni qiymət artımı yalnız qarlı hava şəraitində deyil, adi günlərdə də müşahidə edilir. Neqativ halların qarşısını almaq məqsədi ilə mütəmadi olaraq müvafiq tədbirlər görülür: «Nəqliyyat Nazirliyi maarifləndirmə işlərinin aparılmasını davam etdirir. Bu kimi hallara yol verən sürücülərə qarşı sərt cəza tədbirləri tətbiq edilir. Eyni zamanda hər bir avtobusun üzərində qət etdiyi məsafə və ona uyğun qiymət əksini tapıb. Buna görə də son vaxtlar neqativ hallara az rast gəlinir. Əgər sürücü sərnişindən qanunla nəzərdə tutulan məbləğdən çox tələb edirsə, onlar dərhal müvafiq strukturlara müraciət etməlidir. Belə halda bütün cəza tədbirləri həyata keçirilməklə, neqativ halların qarşısı alına bilər».