USAİD parlamentin müstəqil instituta çevrilməsinə çalışacaq

USAİD direktorunun Avropa və Avrasiya ölkələri üzrə müavini Duqlas Menarçik

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Azərbaycanda parlamentin müstəqil instituta çevrilməsinə çalışacaq.


Bunu «Azadlıq» radiosuna USAİD direktorunun Avropa və Avrasiya ölkələri üzrə müavini Duqlas Menarçik bildirib. Onun sözlərinə görə, artıq bununla bağlı konkret layihə həyata keçirilir: «İlk növbədə qanunun aliliyi təmin olunmalıdır. Millət vəkilləri özlərini müstəqil hiss etməli, seçicilərlə icra orqanları arasında təmas yaratmaq imkanında olmalıdırlar».


Cənab Menarçik vurğulayır ki, demokratik ölkələrdə parlament, məhkəmə və icra orqanları müstəqil fəaliyyət göstərirlər: «Parlament üzvləri onlara səs verən seçicilərin arqumentlərilə tanış olmalıdır ki, dövlət orqanları ilə iş apara və onların səylərini yönəldə bilsinlər. Biz Azərbaycan deputatlarına Qərb ölkələrində olduğu kimi, parlamentarların müstəqil araşdırma aparmaq və mübahisəli məsələləri həll etmək prosedurlarının öyrənilməsində yardım edə bilərik».


USAİD Azərbaycanın millət vəkilləri üçün təlimlər və mübadilə proqramları təşkil etməyi planlaşdırır.