«Mülki Məcəlləyə son dəyişiklik ləğv edilməlidi»

«Heç bir qanun Konstitusiya ilə ziddiyyət təşkil etməməlidi»

Mülki Məcəlləyə edilən son dəyişikliyə görə, mülkiyyətçi ərazini boşaltmaq barədə xəbərdarlıq alandan 200 gün gec olmayaraq həmin ərazini boşaltmalıdı. Özü də bu zaman torpaq sahəsinə qiyməti sahibi yox, müvafiq icra hakimiyyəti qoymalıdı.


Bir qrup millət vəkili isə hesab edir ki, bu dəyişiklik tezliklə ləğv edilməlidir. Konstitusiya Məhkəməsinə müraciət hazırladıqlarını deyən deputat İqbal Ağazadə bildirir ki, bu dəyişiklik vətəndaşların mülkiyyət hüquqlarını pozmaqla yanaşı, həm də Konstitusiyaya ziddir. Konstitusiyanın 29-cu maddəsində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə isə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərtilə yol verilə bilər.


İqbal Ağazadə: «Heç bir qanun Konstitusiyanın müvafiq müddəası ilə ziddiyyət təşkil etməməlidi. Avropa Konvensiyasının birinci maddəsində də qeyd olunur ki, dövlət və ictimai mənafe naminə əmlakın özgəninkiləşdirilməsinin əsaslandırılması prosesi dövlətin üzərindədi, vətəndaşın yox».


Hüquqşünas Ənnağı Hacıbəyli isə deyir ki, icra hakimiyyətindən asılı olan Azərbaycan məhkəmələrinin adamların mənafeyini müdafiə edəcəyi az inandırıcı görünür.


O, bildirir ki, Nəqliyyat Nazirliyi dəmir yolu və magistral yollarına yaxın tikililəri bir tərəfdən sökür: «Əslində, icra hakimiyyəti özünün törətdiyi qanunsuzluqları qanunvericiliyə antidemokratik düzəlişlər etməklə aradan qaldırmağa çalışır».


Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının sədr müavini Azər Əmiraslanov isə Mülki Məcəlləyə son dəyişiklikləri mülkiyyət hüququna zidd qərar kimi şərh etməyin əleyhinədi. O, «Media forum» saytına verdiyi müsahibədə deyib ki, bu dəyişiklik zəruri idi. Deputatın sözlərinə görə, bəzi mülkiyyətçilər çox mühüm layihələrin həyata keçirilməsi zamanı obyektlərə şişirdilmiş qiymətlər diqtə edirlər. Bu isə həmin layihələrin icra olunmasını sual altında qoyur.


Hüquqşünas Muxtar Mustafayev isə hesab edir ki, dövlət ehtiyacları üçün torpaqların alınması məsələsi müxtəlif ölkələrin, o cümlədən Türkiyənin də qanunvericiliyində var. Bu zaman dövlət vətəndaşa aldığı əraziyə görə, bazar qiymətlərinə uyğun vəsait ödəyir. Əgər vətəndaş narazı olursa, onda məhkəməyə müraciət edib əlavə vəsait tələb edir. Bu baxımdan da hüquqşünas hesab edir ki, burda hər şey vətəndaşın fəallığından asılıdır.