«Qobustan həbsxanasında aclıq edənlərin sayı 15-ə çatıb»

Ömürlük məhbuslar bundan əvvəl də aclıq aksiyası keçiriblər

«Qobustan qapalı həbsxanasında ömürlük cəza çəkən məhbuslardan aclıq aksiyası keçirənlərə daha 6 nəfər qoşulub. Bununla da onların sayı 15-ə çatıb».


Bu barədə «Azadlıq» radiosuna Ömürlük Məhbusların Qohumlarının Komitəsindən Müslümət Rzaxanova bildirib. Onun sözlərinə görə, ömürlük məhbuslar aclıq aksiyasına yanvarın 5-dən başlayıblar. Bunlar Elçin Əmiraslanov, Şakir Rzaxanov, Bəxtiyar Cəfərov və digərləridir. Ayın 12-də isə daha 6 nəfər aksiyaya qoşulub. Sonuncuların kimliyi hələlik bəlli deyil.


Ömürlük məhbusların saxlanma şəraitinə görə aclıq etdikləri bildirilir.


Müslümət Rzaxanova deyir ki, onlar məhbusların şəraiti və aksiya barədə ombudsmana, Ədliyyə nazirinə və digər strukturlara ərizə ilə müraciət ediblər.


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mətbuat Xidmətinin rəhbəri Mehman Sadıqov isə bildirir ki, hazırda aclıq edən ömürlük məhbusların sayı 4 nəfərdir. Hələ ki, onlara qoşulan yoxdu.


Müslümət Rzaxanova isə bildirir ki, qaydaya görə, məhbuslar aclıq aksiyası keçirmək üçün ərizə ilə həbsxananın rəisinə müraciət edirlər: «Rəis ərizəni qeydiyyata alır. Ancaq bunların ərizələri qeydiyyata alınmadığına görə, yalnız qeydiyyatda olan bir-iki nəfərə dair məlumat verirlər».


Qobustan qapalı həbsxanasında cəza çəkən ömürlük məhbuslar bundan əvvəl də bir neçə dəfə aclıq aksiyası keçiriblər. Həmin vaxt onlar cəzalarının müddətli həbslə əvəzlənməsini istəyirdilər.