Azərbaycanının rəsmi dövlət qəzetləri 16 yanvar tarixli saylarında Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin bu adda məqaləsini dərc edib.
«Azərbaycan» qəzetinin 4 səhifəsini əhatə edən məqalə Amerika dövlət xadimi Avraam Linkolnunun sözləri ilə başlayır: «Biz burada qarşımızda duran böyük vəzifəyə sadiq qalacağımıza and içməliyik - and içməliyik ki, özlərini bütünlüklə, axıradək bu işə həsr etmiş insanlardan qəbul etdiyimiz işə sədaqət estafetini ləyaqətlə daşıyacaq, bizdən asılı olan hər şeyi edəcəyik ki, bu qurbanlar hədər olmasın, Allahın köməyi ilə bu millət azadlığın yeni doğuluşunun başlanğıcını qoyacaq və xalq idarəetməsi, xalqın vasitəsilə, xalq üçün idarəetmə heç vaxt yer üzündən yox olmayacaqdır».
Ramiz Mehdiyev yazır ki, «indi, bu cür əlamətdar və tarixi əhəmiyyətli sözlərin deyildiyi vaxtdan iki əsrdən çox keçəndən sonra demokratiyanın «xalq idarəetməsi, xalq vasitəsilə və xalq üçün idarəetmə» kimi anlaşılması həmişəkindən daha aktual və mühüm məsələdir.
Prezidentin İcra Aparatının rəhbəri Fridrix Nitsşedən də sitat gətirir: «Yetər! İndi elə bir dövr başlanır ki, siyasət başqa məna kəsb edir».
Məqalə müəllifinin fikrincə, XX əsrdə Azərbaycanda təkcə sosial-iqtisadi quruluş dəyişməmiş, həm də siyasi və ictimai təsisatlarda intensiv islahatlar baş vermişdir. Artıq hərtərəfli tənəzzül həddində olan kommunizm sisteminin büsbütün durğunlaşması və dağılması prosesinə səbəb olmuş Qorbaçov «demokratikləşmə»sindən sonra dövlətçiliyin «broun hərəkəti» kimi nizamsız formalaşması və bununla əlaqədar hakimiyyət iyerarxiyasının tənəzzülü və mərkəzsizləşdirilməsi illəri başlandı. Postsovet məkanındakı bütün dövlətləri əhatə etmiş bu dövr milyonlarla insanın yaddaşında puç olmuş ümidlər, gerçəkləşməmiş illüziyalar və itirilmiş mövqelər dövrü kimi qalmışdır.
Ramiz Mehdiyev yaşadığımız əsrdə dünyada gedən demokratik prosesləri təhlil edərək, ona belə qiymət verir: «XXI əsrdə demokratiya ən qısa müddətdə nəinki rejimin dəyişməsinə, hətta gərginliyin daha geniş miqyas almasına şərait yarada biləcək təhlükəli geosiyasi silaha çevrilir. Biz İraqda, Əfqanıstanda, Kosovoda və başqa bölgələrdə belə halların baş verməsinin şahidiyik».
Tibbi sığorta yalnız 5-6 ildən sonra özünü tam doğruldacaq. Deputat Musa Quliyev «Üç nöqtə»yə müsahibəsində belə deyib.
Deputat deyir ki, tibbi sığorta beynəlxalq təcrübədə geniş yayılıb. «Elə ölkələr var ki, ümumiyyətlə tibbi sığorta deyilən anlayış yoxdur. Orada səhiyyənin bütün xərcləri dövlət üzərinədir. Məsələn Norveç, keçmiş postsovet respublikaların əksəriyyətini bu qrupa aid etmək olar. Bəzi ölkələrdə qarışıq yəni həm dövlət, həm də özəl səhiyyə obyektləri fəaliyyət göstərir, tibbi xərclərin bir hissəsini dövlət və qalanını əhali qarşılayır. Dördüncü qrup ölkələrdə ümumiyyətlə tibbi xərcləri əhalinin özü qarşılayır.
Qarışıq səhiyyənin fəaliyyət göstərdiyi Azərbaycan kimi ölkələrdə əhaliyə tibbi xidmətin göstərilməsinin maliyyələşdirilməsinin ən optimal yollarından biri tibbi sığorta götürülür. Tibbi sığortanın mahiyyəti də ondan ibarətdir ki, vətəndaşların ilboyu tibbi xərclərini böyük bir hissəsini ya onun işlədiyi təşkilat, ya da mənsub olduğu dövlət qarşılamalıdır. Yalnız üçdə bir hissəsini özü ödəyir».
Bakı küçələrinin buz bağlaması nəticəsində dünənədək yıxılan və əl-ayağı sınan, müxtəlif ağırlıqlı zədə alanların sayı 170 nəfərə çatıb.
«Ekspress» bildirir ki, nəqliyyat vasitələrinin hərəkəti nəticəsində buzlu yollarda zədələnən və ya yaralanan yoxdur. «İlk baxışdan ciddi narahatlıq üçün əsas yoxdur. Sakinlərinin sayı 3 milyona yaxınlaşan meqapolis üçün yanvarın 6-dan bəri kəskin soyumuş havalar nəticəsində xəsarət alanların statistikası təhlükəli deyil. Lakin gerçəklik fərqlidir».
Qəzet yazır ki, «müxtəlif rəsmi qurumlardan aldığımız məlumatları cəmlədikdə bəlli olur ki, son 10 gün ərzində paytaxtda 13 nəfər soyuqdan donaraq ölüb».