İslam Kərimovun andiçmə mərasimi olub

Kərimov 88 faiz səs toplayıb və daha 7 il müddətinə səlahiyyətlərini icra edəcək

Yanvarın 16-da Özbəkistanda prezident İslam Kərimovun andiçmə mərasimi keçirilib. İnauqurasiya Daşkənddə Özbəkistan parlamentinin yuxarı və aşağı palatasının birgə iclasında olub.


Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri İ.Kərimovun 2007-ci il dekabrın 23-də keçirilən seçkilərdə yenidən prezident seçildiyini bildirib və ona vəsiqəni təqdim edib.


Bu ölkənin qanunları bir nəfərin iki dəfədən artıq prezident olmasını qadağan etsə də, Kərimov artıq üçüncü dəfədir ki, dövlət başçısı postuna yiyələnir.


MSK-nın məlumatına görə, səsvermədə seçicilərin 90 faizdən çoxu iştirak edib. Kərimov 88 faiz səs toplayıb və daha 7 il müddətinə səlahiyyətlərini icra edəcək.


ATƏT-in müşahidəçiləri Özbəkistanda keçirilmiş prezident seçkilərinin demokratik standartlara uyğun olmadığını bəyan ediblər. Onların fikrincə, səsvermə sərt nəzarət altında keçib.


Yalnız MDB-dən olan müşahidəçilər seçkilərin şəffaf və açıq olduğunu deyiblər.