Eynulla Fətullayevin valideynləri onunla görüşüblər

Eynulla Fətullayev indi Bayıldakı 1 saylı təcridxanada saxlanır

Eynulla Fətullayevin valideynləri yanvarın 20-də onunla görüşüblər. Jurnalistin anası Gülşən xanımın «Azadlıq» radiosuna dediyinə görə oğlunun vəziyyəti yaxşıdır.


«Hazırda Bayıl həbsxanasındadır. Onu oradan harasa köçürməlidirlər. Bu, ya ikinci, ya da dördüncü gün olmalıdır. Amma hara köçürüləcəyi hələlik dəqiq məlum deyil». Eynulla Fətullayev indi Bayıldakı 1 saylı təcridxanada saxlanır.


Keçən həftə Eynulla Fətullayevin şikayətinə baxan Apellyasiya Məhkəməsi onun haqqında hökmü qüvvədə saxlayıb. Fətullayev terrorla hədələmədə, ədavət salmaq, vergidən yayınmada günahlandırılıb 8 il yarım müddətinə azadlıqdan məhrum edilib.


«Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetlərinin baş redaktoru həbsinin peşəkar fəaliyyəti ilə bağlı olduğunu bildirir və hüquqlarını Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə edəcəyini deyib.