Tehran İran azərbaycanlıların həssaslığını nəzərə alacaq

Tehran şəhəri

Bakı ümid edir ki, Təbrizdə Ermənistan konsulluğunun yaradılması ilə bağlı İran azərbaycanlıların həssaslıqlarını Tehran nəzərə alacaq. Bunu XİN Mətbuat katibi Xəzər İbrahim həftəlik mətbuat konfransında bildirib.


İranda yaşayan azərbaycanlılar Təbrizdə Ermənistanın konsulluğunun açılması barədə ölkə rəhbərliyinin qərarına etiraz edirlər və bununla bağlı imzatoplama kompaniyasına başlayıblar.


XİN rəsmisinin sözlərinə görə, bu, Tehranla İrəvanın münasibətlərindən irəli gələn məsələdir: «Amma əgər ortalıqda azərbaycanlılarla bağlı hər hansı həssaslıq mövcuddursa, ümid edirik ki, bu diqqətsiz qoyulmayacaq».


XİN rəsmisi İranla Azərbaycan arasında ötən ay yaranmış anlaşılmazlığa da toxunub. Onun sözlərinə görə, Tehran hələ də Bakıya aldığı məlumatlarla bağlı rəyini bildirməyib.


Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi şərti adı «Səidin dəstəsi» olan qrupu İranın kəşfiyyat orqanları ilə işbirliyində ittiham edir. Tehran bununla razılaşmır və Bakıdan fakt istəyirdi.


Xəzər İbrahim deyib ki, Azərbaycan tərəfi faktlarını rəsmən təqdim edib və İran bundan razı qalıb-qalmadığını hələ demir.


İranın Bakıdakı səfirliyindən isə hər iki məsələ ilə bağlı şərh vermək istəməyiblər.