Obama erməni soyqırımı iddialarını tanıyacağına söz verib

Obama Qarabağ məsələsinin də həllinə səy göstərəcəyini deyib

Amerika prezidentliyinə Demokratlar Partiyasından namizədlərdən biri Barak Obama ermənilərin soyqırımı iddialarını tanıyacağına söz verib. Amerika Ermənilərinin Milli Komitəsi Obamayla görüş keçirib.


Görüşdə Obama Amerika konqresini ermənilərin soyqırım iddiasıyla bağlı qətnaməni qəbul etməyə çağırıb. O, bildirib ki, prezident seçilərsə, Türkiyə və Azərbaycanın Ermənistanı blokadasına son qoymağa, Ermənistanın təhlükəsizliyinə çalışacaq.


Obama Qarabağ məsələsinin də həllinə səy göstərəcəyini deyib. O, bildirib ki, Qarabağ problemi demokratiya və xalqların öz müqəddəratını həll etmək prinsipinə əsasən yoluna qoyulmalıdır.


Barak Obama ermənilərlə əlaqələrin gücləndirilməsinə tərəfdar olduğunu deyib. Onun fikrincə bu, Ermənistanın təhlükəsizliyi, həm də bu respublikada demokratiyanın inkişafı üçün vacibdir.


Bir neçə həftədir Amerika Ermənilərinin Milli Konqresi Amerika prezidentliyinə namizədlərlə görüşlər keçirir. Bu görüşlərdə onların ermənilərin məsələlərinə münasibətləri öyrənilir. Namizədlərə verilən suallar «erməni soyqırım»ı, Amerika-Ermənistan iqtisadiyyatı, Qarabağ məsələsi, «Azərbaycanla Türkiyənin Ermənistanı blokadada saxlaması»yla bağlıdır.