MAQATE ekspertləri Bakıya gəlir

MAQATE ekspertlərinin Bakıya səfəri 3 gün davam edəcək

Yanvarın 22-i axşam Bakıya Beynəlxalq Atom Enerjisi Agentliyinin – MAQATE-nin nümayəndələri gəlir. Nümayəndə heyətinə agentliyin Azərbaycan üzrə baş meneceri Andrey Çupov başçılıq edir.


«Azadlıq» radiosuna müsahibəsində Çupov bildirib ki, səfərdə məqsəd Azərbaycanda həyata keçirdikləri layihələri müzakirə etməkdir:


«MAQATE istəyir ki, Azərbaycan xüsusilə radioaktiv mənbələri, eləcə də, radioaktiv maddələrin saxlanması təhlükəsizliyini təmin etmək məqsədilə qanunverici baza işləyib hazırlasın. Həm də, belə elementlərin müəyyən edilməsi üçün maddi-texniki baza yaratsın».


Agentliyin Azərbaycan üzrə baş meneceri əlavə edib ki, «Bir müddət bundan əvvəl, MAQATE Azərbaycan hökumətinə nüvə sahəsində təhlükəsizliyin təmin olunması ilə bağlı birgə əməkdaşlıq planı təqdim edib və indi onlar yerinə yetirilməlidir».


Keçən il Azərbaycan özünün nüvə elektrik stansiyası tikmək niyyətini MAQATE-yə açıqlayıb və agentlik buna razılıq verib. İdeya reallaşsa, tikiləcək stansiyanın gücü 1500 meqavat olacaq.


MAQATE ekspertlərinin Bakıya səfəri 3 gün davam edəcək.